...

İran Astarasında Azərbaycan və İranın birgə layihələri icra olunur – qubernator

İqtisadiyyat Materials 7 Fevral 2022 22:30 (UTC +04:00)
İran Astarasında Azərbaycan və İranın birgə layihələri icra olunur – qubernator

Bakı. Elnur Bağışov – Trend:

İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonunda Azərbaycan və İranın birgə layihələri icra olunmaqdadır.

Bunu Trend-ə açıqlamasında İranın Astara rayonunun qubernatoru Abbas Sabir deyib.

A.Sabirin sözlərinə görə, Azərbaycan və İran arasında bir çox bağlar mövcuddur. İki ölkə arasında ticarət əlaqələri hər gün inkişaf edir. Ticarət əlaqələrinin əsaslı şəkildə inkişaf etdirilməsi üçün bir sıra planlar icra olunmaqdadır.

Qubernator əlavə edib ki, iki ölkə sərhədində Astaraçay üzərində yeni avtomobil və piyada körpüsünün tikilməsi ilə həm yük maşınlarının, həm də vətəndaşların keçidi asanlaşacaq. Bu körpünün inşası üzrə podratçı tərəf İrandır.

Astara qubernatoru qeyd edib ki, Astara dəmiryol terminalı artıq üç ildən çoxdur ki, fəaliyyət göstərir. Bu terminalın tikinti işləri yekunlaşdıqdan sonra terminalın maksimum fəaliyyəti iki ölkənin ticarətinə müsbət təsir göstərəcək.

Onun sözlərinə görə, iki ölkə arasında Astara rayonunda digər layihə isə, Rəşt-Astara magistral yolunun genişləndirilməsidir. Bu layihə əsasında Rəşt-Astara magistral yolu dördzolaqlı olacaq və Bakı-Astara magistral yolu Astara-Rəşt magistral yoluna birləşəcək.

Qeyd edək ki, yanvarın 25-də Azərbaycan və İran sərhədində Astaraçay üzərində yeni körpünün təməli qoyulub. 89 metr uzunluğunda, 30 metr enində olacaq körpünün tikintisinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.

Əlavə edək ki, Astara terminalı, İranın Astara şəhərində 35 hektar ərazidə, Azərbaycan-İran sərhədindən 1,4 km aralıqda yerləşir. Azərbaycan və İran Hökumətlərarası razılaşmasına əsasən 2017-ci ildə terminalın inşasına start verilib. Tikintisi “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılan Astara terminalı 25 il müddətinə Azərbaycana icarəyə verilib. Astara terminallar modulunun inşaat işlərinin davam etməsinə baxmayaraq, artıq terminalın bir neçə modulu hazırdır və 2018-ci ilin əvvəlindən burada yükaşırma əməliyyatları həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti