Bakı. Trend:
2022-ci ilin may ayında Türkiyənin Adana Beynəlxalq Hava Limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 50 faiz artaraq 17 min 189 ton təşkil edib.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, may ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 36 faiz artaraq, 12 min 922 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 1,1 dəfə artaraq, 4 min 267 təşkil edib.
Bu ilin may ayında hava limanına gələn sərnişinlərin sayı 2021-ci ilin eyni dövrünə nəzərən 64 faiz artaraq, 1 milyon 493 min 435 nəfər olub. Bununla yanaşı, 2022-ci ilin may ayında daxili reyslər üzrə sərnişin dövriyyəsi 49 faiz artaraq 1 milyon 296 min 707 nəfər, beynəlxalq reyslər üzrə isə 3,6 dəfə artaraq 196 min 728 nəfər təşkil edib.
Məlumata əsasən, hava limanından 2022-ci ilin may ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 56 faiz artaraq, 16 min 404 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 40 faiz artaraq 14 min, beynəlxalq reyslər üzrə isə 3,6 dəfə artaraq 2 min 404 olub.
2022-ci ilin may ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 56 milyon 987 min 895 nəfər, yük dövriyyəsi isə 1 milyon 388 min 522 ton təşkil edib.
Xatırladaq ki, 2021-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 128 milyon 387 min 569 nəfər, yük dövriyyəsi isə 3 milyon 358 min 769 ton təşkil edib.