...

İran nəyin bahasına olur-olsun, Rəşt-Astara dəmiryol xəttini tikəcək - Nazir

İqtisadiyyat Materials 4 İyul 2022 16:26 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran nəyin bahasına olur-olsun, Şimal-Cənub Dəhlizində yerləşən Rəşt-Astara dəmiryolunu tikərək istifadəyə verəcək.

Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi bu gün (4 iyul) İranda dəmiryol nəqliyyat vasitələrinin istifadəyə verilməsi ilə əlaqədar keçirilən tədbirdə deyib.

R.Qaseminin sözlərinə görə, 162 km uzunluğunda dəmiryolu xəttinin mövcud olmaması dəmiryol tranzitində çoxlu çətinliklər yaradır.

Qasemi əlavə edib ki, hazırda bir konteyner gəmisi Hindistandan İranın Şəhid Rəcai limanına gəlir, gəminin yükləri qatarla Rəşt şəhərinə daşınır. Rəşt şəhərindən Astara şəhərinə yük maşınları ilə daşınaraq qatarlara yüklənir və Azərbaycan dəmiryolu ilə Finlandiyayadək daşınır. Bu istiqamətdə yüklər 17-18 gün ərzində daşınır. Halbuki, bu yüklər Qırmızı dənizlə 45-60 gün ərzində daşınmalı olur.

İranlı nazir bildirib ki, İranın cənubunda yerləşən ölkələr İran vasitəsi ilə Rusiya istiqamətində yeni marşrutların yaradılması üzrə İrana müraciət ediblər. Son vaxtlar Rusiya ilə İran arasında 10 milyon ton yükün daşınması üzrə müqavilə imzalanıb. Digər ölkələrin də tranzit üzrə İrana müraciətləri var.

Qeyd edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).

Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt – Astara (167 km) dəmir yolu tikilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti