Bakı. Trend:
150 qarabağlı “Azərenerji”nin Qarabağdakı enerji obyektlərində daimi işlə təmin edilib.
“Azərenerji”dən Trend-ə verilən məlumata görə, qurumun işğaldan azad edilən ərazilərdə enerji təminatı ilə yanaşı Prezident İlham Əliyevin “Böyük Qayıdış” strategiyasına uyğun olaraq sistemli məskunlaşma fəaliyyətini də həyata keçirir.
Belə ki, bu günə qədər Qarabağ və Şərqi Zəngəzurda tikilərək istismara verilən 4 su elektrik stansiyası, 9 yarımstansiya və Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzində, ümumilikdə 14 enerji obyekti üzrə işğaldan azad edilmiş rayonların 150-dən çox sakini daimi işlə təmin edilib.
Qeyd edək ki, enerji obyektlərində kadr seçilərkən kimin hansı rayondan olmasına da xüsusi önəm verilir. Belə ki, kəlbəcərli Kəlbəcərdə, ağdamlı Ağdamda və digər rayon sakinləri də həmçinin öz rayonunda işlə təmin edilir. Hətta Şuşada digər qurumların bəzi əməkdaşlarının da məskunlaşdığı binada “AzərEnerji”nin əməkdaşlarından öz ailəsilə birlikdə yaşayanlar var.
Onu da nəzərinizə çatdıraq ki, “AzərEnerji” tərəfindən tikilərək istismara verilən bəzi yarımstansiyaların mühafizə zonasında yaşıllıq, meyvə bağları salınmaqla yanaşı əməkdaşlar üçün yataqxanalar da yaradılıb və hazırda istismara verilmiş bir neçə yarımstansiyaların yanında, o cümlədən tikintisi davam edən Cəbrayıl və Laçındakı yarımstansiyaların ərazisində də yataqxanalar tikilir. “AzərEnerji” Cənab Prezidentin “Böyük Qayıdış” strategiyasına uyğun olaraq qarabağlıların işlə təmin edilməsi üçün sistemli fəaliyyətini bundan sonra da davam etdirəcək.