Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti tərəfindən “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 10 dekabr tarixli sərəncam imzalanıb.
Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, Sərəncamının icrası ilə bağlı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Qanunvericiliyə edilmiş dəyişikliklə həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar ödədikləri məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsi hesabına subsidiya vasitəsilə geri ala biləcəklər. Dəyişikliyə əsasən, rüb ərzində sığortaedənin vəsaiti hesabına muzdlu işdən gəlir əldə edilən sığortaolunanların xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları 10 il müddətində dövlət büdcəsindən subsidiyalaşdırılacaq. Subsidiyalaşdırma prosesi mərhələli şəkildə həyata keçiriləcək. İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqları 2026-cı ilədək tam olaraq dövlət tərəfindən subsidiyalaşdırılacaq. 2026-cı ildən başlayaraq 3 il ərzində subsidiya faizi 80%, sonrakı 2 ildə 60%, daha sonra isə 40% təşkil edəcək.
Muzdlu işçisi olan sahibkarlarla yanaşı, sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fiziki şəxslərə, o cümlədən sabit qəbz və fərqlənmə
nişanı əldə etməklə fəaliyyət göstərən fiziki şəxslərə də özlərinə
görə ödədiyi məcburi dövlət sosial sığorta haqları 10 il müddətində
100 faiz miqdarında dövlət büdcəsinin vəsaiti hesabına
subsidiyalaşdırılacaq.
Dəyişikliyin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə
sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şəraitin
yaradılması, sığortaedənlərin xərclərinin minimum səviyyəyə
endirilməsidir.
Subsidiyalaşdırma dövlət və neft-qaz sahəsində, həmçinin qeyri-dövlət sektorunda maliyyə və avtonəqliyyat vasitələri ilə yükdaşıma fəaliyyəti göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılara şamil edilmir.
Subsidiya “Sosial sığorta haqqında” Qanunda nəzərdə tutulan hesabatın təqdim edilmə dövrü bitdiyi tarixdən, habelə sabit qəbz və “Fərqlənmə nişanı” əldə etməklə fərdi qaydada fəaliyyət göstərən fiziki şəxslər üzrə rüb başa çatdıqdan sonra 30 gün müddətində dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.