Bakı. Trend:
Azərbaycanda son illər ərzində insan kapitalının inkişafı sahəsində mühüm irəliləyiş müşahidə olunur.
Trend-in məlumatına görə, bu barədə Dünya Bankının Avropada və Mərkəzi Asiya regionunda insan inkişafı üzrə regional direktoru Fadia Saadah "Azərbaycanda İnsan Kapitalı İcmalı"nın təqdimatına həsr olunmuş tədbirdə deyib.
"Azərbaycan hökumətinin keçirdiyi islahatlar sayəsində ölkə insan kapitalının yaxşılaşdırılması üzrə aparıcı dövlətlərdən birinə çevrilib. 2010-2020-ci illər üzrə hesabatımıza əsasən, insan kapitalı indeksi 50 faizdən 58 faizə yüksəlib", - Saadah deyib.
Qeyd edək ki, icmalın hazırlanmasında məqsəd insan kapitalının aspektlərinin və bu sahədəki çağırışların qiymətləndirilməsindən, inkişaf etdirilməli prioritet istiqamətlərin müəyyən edilməsindən və 2030-cu ilədək Milli prioritetlərin və 2022-2026-cı illər üzrə Sosial-iqtisadi inkişaf Strategiyasının reallaşdırılmasında Azərbaycan hökumətini dəstəkləmək məqsədilə ölkə üçün konkret həllər təklif olunmasından ibarətdir.