Bakı. Trend:
Yaxın zamanda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) tranzit əməliyyatları üzrə müraciətləri birbaşa olaraq emal edən portalının istifadəyə veriləcəyi gözlənilir.
Trend-in məlumatına görə, bu barədə bu gün DGK sədri Şahin Bağırov Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüşdə jurnalistlərə deyib.
Onun sözlərinə görə, DGK gömrük prosedurlarının sürətləndirilməsi üçün rəqəmsal vasitələr tətbiq etmək niyyətindədir.
"Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə gömrük prosedurlarının keçirilməsi məqsədlərinin əldə edilməsi planlaşdırılır. Yaxın zamanda DGK-nın tranzit əməliyyatları üzrə müraciətləri birbaşa olaraq emal edən portalının istifadəyə veriləcəyi gözlənilir. İlk növbədə çatmaq üzrə olan yüklərə dair məlumatlar almaq üzrə məqsədləri əldə etmək niyyətindəyik. Yük fiziki olaraq Azərbaycan ərazisinə daxil olduqdan sonra biz minimal müddətdə onu rəsmiləşdirərək göndərə biləcəyik", - o deyib.
Ş.Bağırov həmçinin Azərbaycanın yük daşımaları üzrə beynəlxalq konvensiyaların tətbiqi üzərində çalışmağa davam etdiyini qeyd edib.