...

Ağ Ev respublikaçılarla dövlət borcu ilə bağlı ciddi fikir ayrılıqlarının olduğunu açıqlayıb

İqtisadiyyat Materials 20 May 2023 08:32 (UTC +04:00)
Ağ Ev respublikaçılarla dövlət borcu ilə bağlı ciddi fikir ayrılıqlarının olduğunu açıqlayıb

Bakı. Trend:

Respublikaçılar və Vaşinqton administrasiyasının rəsmiləri arasında ABŞ-da defoltun qarşısını almaq üçün məsləhətləşmələrdə ciddi fikir ayrılığı qalmaqdadır.

Trend xəbər verir ki, bunu şənbə günü Ağ Evin mətbuat katibi Katin Jan-Pyer G7 liderlərinin sammitinin keçirildiyi Xirosimada brifinqində çıxışı zamanı deyib.

"Şübhə yoxdur ki, aramızda ciddi fikir ayrılıqları var. Və bu dialoq çətin olacaq, biz bunun fərqindəyik", - deyə o bildirib.

Mətbuat katibi qeyd edib ki, ABŞ Prezidenti Co Baydenin köməkçiləri ikipartiyalı həllə nail olmaq üçün çalışmağa davam edəcəklər. "Biz optimistik yanaşırıq. Prezident optimistik yanaşır", - deyə o əlavə edib.

Onun sözlərinə görə, C.Bayden gündəlik olaraq məsləhətləşmələrin gedişi barədə məlumatlandırılır.

Yanvarda ABŞ qanunla təyin edilən 31,4 trilyon dollarlıq borc limitini keçib, bundan sonra ölkənin Maliyyə Nazirliyi maliyyə əməliyyatlarını davam etdirmək üçün təcili tədbirlər görməyə məcbur olub. ABŞ administrasiyası son aylarda Konqresi borc limitini artırmağa çağırır. Nümayəndələr Palatasına nəzarət edən respublikaçılar büdcə xərclərinin əhəmiyyətli dərəcədə azaldılması şərtilə dövlət borcunun limitini artırmağa razıdırlar. Ağ Ev bu tələbləri rədd edərək, xərclərin azaldılmasını müzakirə etməyə hazır olduğunu bildirib, lakin qanunvericilər borc limitini heç şərtsiz artırmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti