Bakı. Trend:
Bu ilin sonuna qədər Azərbaycandan Türkiyəyə 10,2 milyard kubmetr təbii qazın nəql edilməsi nəzərdə tutulub.
Trend xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransında çıxışında bildirib.
Onun sözlərinə görə, bu ilin əvvəlindən indiyədək Azərbaycandan Türkiyəyə 7,4 milyard kubmet təbii qaz nəql edilib.
Nazir qeyd edib ki, Türkiyəyə nəlq edilən təbii qazın 4,2 milyard kubmetri Trans-Anadolu Qaz Boru Kəməri ilə ixrac olunub. Bildirilib ki, bu günə qədər TANAP ilə ümumilikdə 24 milyard kubmetrə qədər təbii qaz ixrac edilib.
Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, ikinci Forum isə 2022-ci il 5-6 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilib.