...

Azərbaycanın sədrliyi altında İƏT-də gömrük prosedurlarının sadələşdirilməsi üzrə səmərəli işlər görülüb - Baş katib (ÖZƏL)

İqtisadiyyat Materials 2 Noyabr 2023 13:07 (UTC +04:00)
Azərbaycanın sədrliyi altında İƏT-də gömrük prosedurlarının sadələşdirilməsi üzrə səmərəli işlər görülüb - Baş katib (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi dövründə gömrük prosedurlarının sadələşdirilməsi üzrə səmərəli işlər görülüb.

Bu barədə Trend-ə özəl müsahibəsində İƏT-in baş katibi Xusrav Noziri deyib.

O, İƏT Gömrük Xidmətləri Rəhbərləri Şurasının 9-cu iclasının beş illik fasilədən sonra Bakıda müvəffəqiyyətlə keçirildiyini və aşağıdakı istiqamətlərdə irəliləyiş əldə olunduğunu qeyd edib:

- "Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazasının yaradılması və fəaliyyəti barədə" Sazişin imzalanması (imzalayan tərəflər müəyyən tədbirləri başa çatdırdıqdan sonra qüvvəyə minməyə hazır olacaq);

- elektron məlumat mübadiləsi sisteminin yaradılması (görüşdə razılaşdırıldığı kimi, Azərbaycan özünün hazırkı iş modelini bölüşəcək);

- gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında İƏT sazişlərinin hazırlığının başa çatması;

- gömrük işi sahəsində əməkdaşlıq üzrə potensialın gücləndirilməsinə tələbatın müəyyən edilməsi.

Daha sonra Noziri regional səviyyədə siyasət və prosedurların harmonizasiyası üçün vergiqoyma məsələlərində əməkdaşlığın investorların regiona etimadını artıra biləcəyini vurğulayıb.

"Katiblik bu sahədə sazişlərin hazırlanması üçün bir sıra sənədlər hazırlayır və İƏT Vergi Xidmətləri Rəhbərlərinin 2-ci iclasının bu il keçirilməsi planlaşdırılır. Sözügedən iclasa hazırlıq məqsədilə Katiblik Azərbaycanın sədrliyi altında (İƏT sədri qismində) vergi sahəsində üç əməkdaşlıq sazişinin layihəsi üzrə konsensus əldə olunması üçün virtual formatda ilkin müzakirələr keçirib. İclas peşəkar səviyyədə təşkil olunmuşdu, çox xoş atmosferdə keçdi və mühüm irəliləyişə səbəb oldu", - deyə o qeyd edib.

Bundan başqa, İƏT-in baş katibinin sözlərinə görə, reional əlavə dəyər zəncirinin təmin olunması üçün seçilmiş xüsusi iqtisadi və azad ticarət zonaları şəbəkəsinin yaradılması nəzərdə tutulur.

"Hazırda Katiblik İƏT-ə üzv ölkələrin regional azad iqtisadi zonalar şəbəkəsinin yaradılmasına dair rəhbər prinsiplərin hazırlanması üçün tədqiqat aparır", - o deyib.

Bakıda İƏT Tədqiqat Mərkəzinin yaradılmasına gəlincə, Noziri bu təklifin Azərbaycan tərəfindən irəli sürüldüyünü və 5 may 2006-cı ildə Bakıda keçirilən İƏT Gömrük Xidmətləri Rəhbərləri Şurasının 9-cu iclasının yekunları üzrə qəbul edilmiş Bakı Bəyannaməsində əksini tapdığını qeyd edib.

"Sonrakı İƏT görüşlərində bu ideya daha da inkişaf etdi. İƏT Tədqiqat Mərkəzinin Nizamnaməsi İƏT dövlət və hökumət başçılarının 2021-ci ilin martında virtual formatda keçirilən 14-cü Sammitində üzv ölkələr tərəfindən imzalanmaq üçün hazır idi. Hazırda sənəd 3 ölkə (Azərbaycan, Türkiyə və Pakistan) tərəfindən imzalanıb. İƏT Tədqiqat Mərkəzi Bakıda yerləşəcək", - o deyib.

Noziri qeyd edib ki, Mərkəzin əsas məqsədi iqtisadi tədqiqatların keçirilməsi, dayanıqlı sosial-iqtisadi inkişaf üzrə aktutal məsələlərlə bağlı təklif və tövsiyələrin hazırlanmasıdır. Bunlar İƏT-ə üzv ölkələrin maraqlarına xidmət edəcək və bu ölkələr arasında əməkdaşlığın genişlənməsinə səbəb olacaq.

"İƏT-in "İqtisadiyyat" jurnalının Tədqiqat Mərkəzinin bir hissəsi olacağı gözlənilir. İƏT Nazirlər Şurasının 24 yanvar 2023-cü il tarixində Daşkənddə keçirilən 26-cı iclası İƏT-in "İqtisadiyyat" jurnalının beynəlxalq miqyasda tanınan, geniş yayılan və nüfuzlu nəşrə çevrilməsinə yönəlmiş fəaliyyətin davamını birmənalı şəkildə dəstəkləyib və Katibliyi jurnalın yeni konsepsiyasına dair layihə təkliflərinin maliyyələşdirilməsi prosesini sürətləndirməyə çağırıb",- deyə o vurğulayıb.

Xusrav Noziri əlavə edib ki, İƏT Katibliyi İƏT-in Ticarət və İnkişaf Bankının əməkdaşlığı ilə jurnalın transformasiyasına mühüm məbləğin ayrılmasını təşkil edib.

"Bir neçə illik fasilədən sonra jurnal öz fəaliyyətini bərpa edərək 2022 və 2023-cü illərdə buraxılışlar dərc etdi. İƏT Tədqiqat Mərkəzinin fəaliyyət nəticələrinin İƏT-in "İqtisadiyyat" jurnalının veb saytında üzv ölkələrin və İƏT Katibliyinin nəşrləri ilə birgə yerləşdirilməsi planlaşdırılır. İƏT Tədqiqat Mərkəzinin və "İqtisadiyyat" jurnalının fəaliyyətinin üzv ölkələrin tranzit və nəqliyyat, energetika, su, ərzaq təhlükəsizliyi, iqtisadiyyatın diversifikasiyası, "yaşıl" iqtisadiyyat, iqlim dəyişikliyi və s. kimi hazırkı prioritetləri ətrafında cəmləşəcəyi gözlənilir", - o deyib.

İƏT regionunda ticarət sahəsində tərəqqidən bəhs edən baş katib İƏT-in son beş il ərzində dünya ticarətində payının 42,6 faiz (2018-ci ildəki 797,7 milyard ABŞ dollarından 2022-ci ildə 1,138 trilyon ABŞ dollarınadək) artdığını qeyd edib.

"İllik göstəricidə bu göstərici 2019-cu ildə ABŞ ilə Çin arasında ticari gərginlik kimi ekzogen amillərlə əlaqədar olaraq 6,1 faiz azalıb (748,7 milyard dollaradək). 2020-ci ildə pandemiya səbəbindən 5,7 faiz də azalaraq 706 milyard dollara düşüb. Lakin 2021-ci ildə İƏT-in dünya ticarətində payı illik hesablamada 31,7 faiz artaraq 930 milyard dollar olub. 2022-ci ildə bu göstərici 22,3 faiz artım nümayiş etdirərək 1,138 trilyon dollara çatıb. İƏT regionunun dünya ticarətinə təqribən 4,4 faiz töhfəsi regionun potensialına aydındır ki, uyğun deyil. Bu region strateji olaraq mühüm ticarət yollarında yerləşməklə dünya əhalisinin 6 faizdən çoxunu ehtiva etməklə, zəngin təbii və insan resurslarına malikdir", - deyə o bildirib.

Noziri İƏT regionunda son üç il ərzində regiondaxili ticarətdə artımın qeydə alındığını vurğulayıb. Belə ki, 2020-ci ildə regiondaxili ticarət 56,86 milyard dollar, 2021-ci ildə 79,51 milyard dollar, 2022-ci ildə isə 106,5 milyard dollar olub.

"Baxmayaraq ki, hazırda regional səviyyədə preferensial ticarət sazişi yoxdur və bütün ticarət ikitərəfli sazişlərlə və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) çərçivəsində daha əlverişli rejim barədə sazişlərlə həyata keçirilir, yuxarıda qeyd olunan kontekstdə ticarət artmaqdadır", - deyə baş katib əlavə edib.

Qeyri-tarif baryerlərinin aradan qaldırılmasına gəlincə, Noziri İƏT-in regional ticarətdə qeyri-tarif xərclərini azaltmaq üçün ticarətə yardım üzrə müəyyən tədbirlər gördüyünü və bu baxımdan müəyyən nailiyyətlərin əldə olunduğunu deyib.

"Katiblik İƏT-ə üzv ölkələr tərəfindən tətbiq olunan qeyri-tarif tədbirlərinin tezliklə ləğv olunması məqsədilə siyahısını təqdim edib. Bundan başqa, Katiblik regionda ticarətə yardım strategiyasını həyata keçirib və ticari prosedurların sadələşdirilməsi üzrə sazişlər layihəsi hazırlayıb. Layihə hazırda üzv dövlətlər tərəfindən nəzərdən keçirilir", - o sonda deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

X: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti