Bakı. Trend:
Mərkəzi Bankın son proqnozlarına əsasən, ÜDM-in 2023-cü ildə 1,5 faiz artımı proqnozlaşdırılır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 2-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsinin müzakirəsi zaman Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
O qeyd edib ki, 2024-2025-ci illərdə müvafiq olaraq ÜDM-in 3,5 və 4 faizədək artacağını proqnozlaşdırırıq. “Qeyri-neft ÜDM-ə gəldikdə isə 2023-cü ildə 3%, 2024-cü ildə 6% və 2025-ci ildə isə 5,5%-dək artım proqnozlaşdırılır. Cari ilin sentyabr ayında illik inflyasiya 5,1 faiz səviyyəsinə düşüb. O cümlədən inflyasiya ərzaq məhsulları üzrə 4,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 5,9 faiz, xidmətlər üzər 5,4 faiz olub”, - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində tərtib edilib.