Bakı. Trend:
Avropa İttifaqı Azərbaycan Sürətli Texniki Yardım Fonduna (AZTAF) ciddi yanaşır və onun məqsədlərinə çatmaqda Azərbaycana dəstək olmağa böyük ümidlər bəsləyir.
Trend xəbər verir ki, bunu Avropa İttifaqının maliyyələşdirdiyi və Dünya Bankı (DB) tərəfindən idarə olunan AZTAF-ın ikinci illik hesabat iclasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Boykov deyib.
“Avropa İttifaqı AZTAF proqramına ciddi yanaşır və onun məqsədlərinə çatmaqda Azərbaycana dəstək olmağa böyük ümidlər bəsləyir. AZTAF proqramı Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə sıx əlaqəli olan əsas sahələri əhatə edir. Bu, qlobal çağırış və nailiyyətdir ki, biz bunun üçün çalışmalıyıq.
AZTAF proqramı vasitəsilə Aİ-nin çoxillik proqramı çərçivəsində biz qadın kapitalının gücləndirilməsi, əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi, rəqəmsal kommunikasiyaların inkişafı və “ağıllı kəndlər” proqramının həyata keçirilməsi kimi mühüm istiqamətlər üzərində işləyirik.
Avropa İttifaqı, xüsusən də Aİ-nin Bakıdakı nümayəndəliyi Dünya Bankı, eləcə də, layihələrimizi həyata keçirən bir sıra BMT agentlikləri ilə tərəfdaşlıqda bu təşəbbüsləri dəstəkləməkdən məmnundur. Azərbaycanda davamlılığın, inklüzivliyin və dayanıqlığın gücləndirilməsinə dair öhdəliyimiz dəyişməz olaraq qalır”.
Boykov vurğulayıb ki, bu günə qədər əldə olunan irəliləyişlər əməkdaşlığın eniş-yoxuşlara baxmayaraq, ümumi məqsədə doğru irəliləməkdə davam etdiyini göstərir.
“Ötən ilin nailiyyətlərini təhlil edərkən gələcəyə baxmaq vacibdir ki, Avropa İttifaqı və Aİ-nin Azərbaycandakı nümayəndəliyi hər zaman əməkdaşlığa və qarşılıqlı fəaliyyətə hazırdır ", - o əlavə edib.