Bakı. Trend:
BMT və Azərbaycan Mərkəzi Bankının "yaşıl" maliyyələşdirmə sahəsindəki fəaliyyəti iqtisadiyyatın harmonik inkişafına yönəlib.
Trend xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident koordinatoru vəzifəsini müvəqqəti icra edən Nasar Hayat Bakıda "Yaşil maliyyə və dayanıqlı inkişaf" mövzusunda keçirilən forumda bildirib.
"Keçən il UNDP və UNFPA-nın həyata keçirdiyi BMT-nin Davamlı İnkişaf Məqsədlərinin (DİM) maliyyələşdirilməsi üzrə Birgə Proqramı çərçivəsində biz Azərbaycan üçün DİM-lərin investisiya xəritəsini hazırlamışıq.
Bu xəritədə DİM-lərin həyata keçirilməsini sürətləndirmək üçün yüksək potensiala malik sektorlar və sahələr müəyyənləşdirilib, eyni zamanda, biznes üçün sərfəli investisiya imkanları təqdim edilib.
Biz, həmçinin, sosial təsir investisiyası ekosistemini öyrənmişik. Bu araşdırma Azərbaycanda təsirlə investisiya mədəniyyətinin genişləndirilməsi üçün zəruri olan komponentləri aşkar edib.
Bundan əlavə, biz İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə ESG prinsiplərinin tətbiqi üçün yol xəritəsinin hazırlanması istiqamətində işlər aparmışıq", - o bildirib.
Onun sözlərinə görə, hamı başa düşür ki, "yaşıl" iqtisadiyyata keçid həm innovasiyaları, həm də əməkdaşlığı tələb edir.
"Qlobal dayanıqlı maliyyələşdirməyə keçid yaradıcı yanaşma, "yaşıl" istiqrazların buraxılmasını, innovativ maliyyə mexanizmləri və sektorlara qarşılıqlı tərəfdaşlıqların olmasını tələb edir. Bu gün Mərkəzi Bankın BMT və əsas maliyyə assosiasiyaları ilə əməkdaşlığı çərçivəsində təşkil etdiyi forum COP29 ərəfəsində dayanıqlı maliyyələşdirmə üzrə dialoqa mühüm töhfədir.
Bizim "yaşıl" maliyyələşdirmə sahəsindəki fəaliyyətimiz yalnız rəqəmlərlə və ya investisiyalarla bağlı deyil, həm də ətraf mühit və iqtisadiyyatın harmonik inkişafını təmin etmək məqsədini güdür. Burada qurduğumuz tərəfdaşlıqlar Azərbaycanı qlobal səhnədə dayanıqlı inkişaf təşəbbüslərinin irəliləməsində aparıcı rol oynamağa yönəldəcək.
Birlikdə dialoq və əməkdaşlıq yolu ilə "yaşıl" maliyyələşdirməni ortaq gələcəyimizin əsası edə bilərik. Heç kəsi arxada qoymadan, iqlim dəyişikliyi çağırışlarına cavab verə və Davamlı İnkişaf Məqsədlərinə nail ola bilərik", - o vurğulayıb.