...

"Leonardo" Mərkəzi Asiyanın artan təhlükəsizlik və müdafiə ehtiyaclarını dəstəkləməyə hazırdır - Ancelo Çekkini (ÖZƏL MÜSAHİBƏ)

İqtisadiyyat Materials 6 Yanvar 2025 08:00 (UTC +04:00)
"Leonardo" Mərkəzi Asiyanın artan təhlükəsizlik və müdafiə ehtiyaclarını dəstəkləməyə hazırdır - Ancelo Çekkini (ÖZƏL MÜSAHİBƏ)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın aerokosmik və müdafiə sənayesi üzrə şirkəti olan "Leonardo" Mərkəzi Asiyanı aerokosmik sənaye, müdafiə və təhlükəsizlik sahələrində innovativ həllərinin genişləndirilməsi üçün əsas region kimi nəzərdən keçirir.

Bunu Trend-ə özəl müsahibəsində “Leonardo”nun Şimal-Şərqi Asiya, Okeaniya, Mərkəzi Asiya və Hindistanda beynəlxalq biznesin inkişafı üzrə vitse-prezidenti Ancelo Çekkini bildirib.

“"Leonardo"nun Mərkəzi Asiyada kommersiya iştirakına artıq geniş texnologiyalar və onların tətbiq sahələri daxildir ki, bu da şirkətin regionda gələcək inkişafı üçün möhkəm baza yaradır”, - deyə o vurğulayıb.

"Leonardo"nun Mərkəzi Asiya üçün təklifləri qabaqcıl texnologiyaların geniş spektrini əhatə edir. Bunlara helikopterlər, dəniz müdafiəsi həlləri, peyk xidmətləri (həm mülki, həm də hərbi təyinatlı), döyüş və təlim təyyarələri, eləcə də pilotsuz uçuş aparatları (PUA) daxildir. Vitse-prezidentin sözlərinə görə, bu həllər "Leonardo"nun regionun dəyişən tələblərinə cavab vermək əzmini nümayiş etdirir.

“Regionun artan ehtiyaclarına cavab olaraq və aerokosmik sənaye, müdafiə və təhlükəsizlik sahəsində qabaqcıl texnologiyalarından istifadə edərək "Leonardo" silahlı qüvvələrin modernləşdirilməsi üçün öz təcrübəsini təklif etməyə hazırdır”, - deyə Çekkini vurğulayıb. Modernləşdirmə helikopterlər, təyyarələr, radar sistemləri, PUA-lar və sərhəd təhlükəsizliyi həllərini əhatə edir.

Bundan əlavə, şirkət kibertəhlükəsizliyə xüsusi önəm verir və hökumətləri, eləcə də kritik infrastruktur obyektlərini getdikcə mürəkkəbləşən təhdidlərdən qorumaq üçün qabaqcıl həllər təklif edir. Çekkini vurğulayıb ki, kibertəhlükəsizlik artıq zərurətə çevrilib: “Həllərimiz kibertəhlükələrə qarşı müdafiəni və dayanıqlılığı təmin edir, məxfi məlumatların və əməliyyatların təhlükəsizliyinə zəmanət verir”.

"Leonardo" həmçinin müdafiə və kibertəhlükəsizlik sahələri üzrə mütəxəssislər üçün təlim proqramlarına aktiv şəkildə sərmayə yatırır.

“Bu sahələr üzrə ixtisaslaşmış təlim proqramları böyük əhəmiyyət kəsb edir. Onlar müştərilərə və son istifadəçilərə yeni avadanlıqlardan maksimum istifadə etməyə və ən yaxşı təcrübələri əməliyyat proseslərinə tətbiq etməyə imkan yaradır”, - deyə Çekkini qeyd edib.

Mərkəzi Asiyanın Asiya ilə Avropa arasında coğrafi körpü rolunu oynaması, onun zəngin enerji resursları və regional sabitlik, eləcə də beynəlxalq təhlükəsizlik üzərində təsiri regionu "Leonardo" üçün strateji mərkəzə çevirir.

Çekkini izah edib ki, şirkət müştəri-təchizatçı modelində qısamüddətli biznes imkanlarına yönəlmək əvəzinə, tərəfdaş ölkələrlə uzunmüddətli əlaqələr qurmağa çalışır. Şirkət hər bir ölkənin spesifik ehtiyaclarını qarşılamaq üçün xüsusi hazırlanmış fərdi həllər təklif edir. Bu zaman sistemlərin istifadəsində tələb olunan müstəqillik səviyyəsi təmin edilir və məlumatların idarə edilməsi məsələlərində tam suverenliyə riayət olunur.

"Leonardo" şirkətinin gücü təkcə portfelinin yüksək texnoloji standartlarında deyil, həm də modul və miqyaslana bilən həllər təqdim etmək bacarığındadır. Bu həllər tədricən həyata keçirilə və inteqrasiya edilə bilər ki, bu da yüksək əməliyyat səmərəliliyini təmin edir. Bu yanaşma uzunmüddətli həllərin yaradılmasına, eləcə də regionun dəyişən tələblərinə uyğun inkişafına imkan yaradır. Çekkininin sözlərinə görə, bu yanaşma şirkətin müdafiə və təhlükəsizlik infrastrukturunun gücləndirilməsi, regionun uzunmüddətli inkişafı və sabitliyinə töhfə vermək üçün etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsi üçün əsasdır.

“"Leonardo", qabaqcıl texnologiyaları ilə, Mərkəzi Asiya ölkələrinin təhlükəsizlik infrastrukturunun gücləndirilməsi, uzunmüddətli sülh və sabitlik şəraitinin yaradılmasına dəstək olmaq üçün öz töhfəsini verməyə davam etmək niyyətindədir”, - deyə Çekkini əlavə edib.

O, həmçinin "Leonardo"nun Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz məqsədlərini dəstəkləməyə hazır olduğunu vurğulayıb.

“Regionun Avropa və Asiya arasında əlaqələndirici rolunun strateji əhəmiyyəti Orta Dəhliz təşəbbüsü ilə bir daha təsdiqlənir və gücləndirilir. Bu təşəbbüs, "Leonardo" üçün təhlükəsiz və effektiv infrastrukturun yaradılmasına töhfə vermək üçün bir sıra imkanlar təqdim edir ki, bu da bizi regional inkişafda mühüm tərəfdaş kimi möhkəmləndirir”, - deyə vitse-prezident bildirib.

Şirkət, Orta Dəhliz vasitəsilə ticarətin maneəsiz və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün sərhəd nəzarəti və kritik infrastrukturun müdafiəsində qabaqcıl texnologiyalarını tətbiq etməyə hazırdır. Çekkini, peyk həlləri, yerüstü rabitə sistemləri və etibarlı kibertəhlükəsizlik tədbirlərini əhatə edən rabitənin mühüm rolunu vurğulayıb.

“Bizim həllərimiz məlumat ötürülməsində etibarlılığı və təhlükəsizliyi təmin edir, həmçinin dəmir yolu, avtomagistrallar və limanlar kimi nəqliyyat axınlarını səmərəli izləməyə və idarə etməyə imkan yaradır ki, bu da logistika və ticarət üçün son dərəcə vacibdir”, - deyə o bildirib.

Bundan əlavə, "Leonardo" Yer müşahidəsi xidmətləri və qabaqcıl rəqəmsal alətlər vasitəsilə logistika əməliyyatlarını təkmilləşdirməyə hazırdır. Çekkini qeyd edib ki, bu müşahidə texnologiyaları yüklərin real vaxt rejimində izlənilməsinə və proqnoz analitikası aparılmasına imkan yaradır ki, bu da logistikanın optimallaşdırılmasına kömək edir.

“"Leonardo"nun süni intellektdən və "Da Vinci" superkompüterindən istifadə edən rəqəmsal həlləri regional logistika şəbəkələrinin effektivliyini artırmaq qabiliyyətinə malikdir. Bu texnologiyalar təchizat zəncirinin şəffaflığını artırır, yük axınlarının optimallaşdırılmasını təmin edir və multimodal nəqliyyat mərkəzlərini təkmilləşdirərək regiondakı əlaqələrin genişləndirilməsinə töhfə verir”, - deyə o əlavə edib.

"Leonardo" təhlükəsizlik, infrastruktur və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması sahələrində regionun ehtiyaclarına uyğunlaşdırılmış modul və miqyaslana bilən həllərin təqdim edilməsində ixtisaslaşır. Şirkətin təklifləri arasında terrorizm və kibertəhdidlərdən müdafiə, təhlükəsiz nəqliyyat və resursların idarə olunması, həmçinin təbii fəlakətlərin qarşısının alınması və onlara reaksiya verilməsi üçün texnologiyalar yer alır.

"Leonardo" COP29 zamanı, resursların idarə olunması, ətraf mühitin monitorinqi və təbii fəlakətlərə davamlılığın artırılması üçün kosmik texnologiyalarını nümayiş etdirərək, iqlim dəyişikliyinə uyğunlaşma və dekarbonizasiya səylərinə verdiyi töhfəni vurğulayıb.

“Bizim təcrübəmiz dayanıqlı enerji və texnologiyaları, o cümlədən ekoloji təmiz enerji mənbələrinin tətbiqi və risklərin azaldılmasını dəstəkləyir. Biz, fərdi həllər təklif edərək və tərəfdaşlarımızın suverenliyinə hörmət edərək, uzunmüddətli inkişaf və sabitliyə töhfə verməyə çalışırıq”, - deyə Çekkini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti