Bakı. Trend:
2025-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,8 milyard manatlıq, o cümlədən 2,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə
ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq
məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq
malları üzrə 6,1 faiz artıb.
Hesabat ayında əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə
olunub:
2025-ci ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,7 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 14,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat ayında qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni ayı ilə müqayisədə real ifadədə 3,7 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.
2024-cü ilin yanvar ayı ilə müqayisədə 2025-ci ilin yanvar
ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə
5,2 faiz, fərdi sahibkarlar üzrə 3,0 faiz, bazar və yarmarkalarda
isə 3,6 faiz artıb.
Hesabat ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri
orta hesabla 473,5 manatlıq, o cümlədən 257,8 manatlıq ərzaq
məhsulları, içkilər və tütün məmulatları, 215,7 manatlıq
qeyri-ərzaq malları alıb.