Bakı. Trend:
Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) cari ilin birinci rübü ərzində əməliyyat xərcləri təqribən 18 milyon dollar, əsaslı xərclər isə təxminən 6 milyon dollar olub.
Trend bu barədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair bu ilin birinci rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyat xərcləri 0,7 milyon dollar və ya 4%, əsaslı xərclər isə 4,8 milyon dollar, yaxud da 5 dəfə artıb.
Belə ki, ötən ilin eyni dövründə CQBK-nin əməliyyat xərcləri təqribən 17,3 milyon dollar, əsaslı xərclər isə təxminən 1,2 milyon dollar olub.
Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Rüb ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 60,8 milyon kubmetr olub.