Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə 1,9 milyard kubmetr qaz ixrac edilib.
Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 100 milyon kubmetr və ya 5,6% çoxdur.
Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyəyə TANAP-la qaz ixracı 1,8 milyard kubmetr təşkil etmişdi.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında ölkədə 16,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 4,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 9 milyard kubmetri “Şahdəniz”in, 0,5 milyard kubmetri “Abşeron” yatağının, 2,7 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.
Hesabat dövründə xaricə qaz satışı 8 milyard kubmetr təşkil edib. Bundan 4 milyard kubmetr Avropaya, 3,1 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 1,9 milyard kubmetr), 0,9 milyard kubmetr Gürcüstana satılıb.