Bakı. Trend:
Bu ilin birinci yarısında bp və onun tərəfdaşları Cənubi Qafqaz Boru Kəməri (CQBK) əməliyyat xərcləri təqribən 36 milyon dollar, əsaslı xərclər isə təxminən 12 milyon dollar olub.
Bu barədə Trend bp-yə istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,3 milyon dollar (3,5%) az, 4 milyon dollar (50%) çoxdur.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Cari ilin ilk altı ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 62,4 milyon kubmetr olub.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%), NİKO (10,00%).