...

“Black Friday” endirimləri sərfəlidir, yoxsa sadəcə marketinq hiyləsi? - RƏY

İqtisadiyyat Materials 27 Noyabr 2025 11:00 (UTC +04:00)
“Black Friday” endirimləri sərfəlidir, yoxsa sadəcə marketinq hiyləsi? - RƏY
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

“Black Friday” kampaniyaları dünya üzrə ildən-ilə daha geniş vüsət alan alış-veriş aksiyasıdır və şirkətlər bu dövrdə müştəriləri cəlb etmək üçün çoxsaylı endirim, xüsusi təkliflər təqdim edirlər. Bu, Azərbaycanda “Qara cümə” adlanır və noyabrın sonuncu həftəsi müxtəlif mağazalarda təşkil edilir. “Black Friday” dövründə alış-verişin kütləvi şəkildə artması ilə yanaşı, qiymətlərdə saxtakarlıq halları da müşahidə olunur. Bir çox mağaza endirim görüntüsü yaratmaq üçün əvvəlcə məhsulların qiymətini süni şəkildə artırır, sonra isə “çox böyük endirim” adı ilə yenidən aşağı salır.

Mövzuyla bağlı Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov Trend-ə açıqlamasında bildirib ki, “Qara Cümə"nin tarixi 18-ci əsrə gedib çıxır və bu, istehlakçıları tora salmaq, onları cəlb etmək üçün bir marketinq fəndidir.

“Heç də bundan ticarətçilər, satıcılar zərər çəkmir. Əgər istehsalçılar zərər çəksəydilər, həmin günü "Qırmızı Cümə" adlandırarlar. Bu, istehlakçılar üçün bir "qara gündür". Ona görə "qara gün"dür ki, belə kampaniyalarda çoxlu sayda yararsız, vaxtı keçmiş, ikinci əl, təzə adı ilə satılan, zavod defekti olan malların satışı həyata keçirilir. Öncədən biznes qurumları buna hazırlıq görürlər, əvvəl qiymətləri çox yüksək qoyurlar, sonra guya aşağı salırlar və sair”.

Birlik sədri qeyd edib ki, Nazirlər Kabinetinin 94 saylı qərarına görə, istehlakçının hüququ var ki, malın əvvəlki qiymətini də, sonrakı qiymətini də göstərən rəsmi sənədə baxsın və lazım gələrsə, onu geri qaytarsın.

"Qara Cümə" günlərində həm həqiqi endirim ola bilər, həm də yalançı. Həmin gün əslində istehlakçıların kütləvi aldadılma günüdür. Əlbəttə, o günlərdə istehlakçılar canfəşanlıq edirlər, tələb, təklif üst-üstə düşür, mütləq keyfiyyətsiz xidmət və keyfiyyətsiz mal ortaya çıxır. Təəssüf ki, bu, istehlakçıların ən çox aldandığı gündür.

Həmin günlərdə istehlakçı hüquqları pozularsa, 012-599-76-00 nömrəsi ilə Prezident yanında Antiinhisar və Bazarın Nəzarəti Dövlət Agentliyinə məlumat vermələrini və ya Azad İstehlakçılar Birliyinə yazılı müraciət etmələrini tövsiyə edirəm. Bu günlərdə ən çox endirim mürəkkəb texniki cihazlara, paltaryuyanlara, plazmalara tətbiq olunur. Alıcılar mütləq yerində onların keyfiyyətini yoxlasınlar. Digər ölkələrdə də "Qara Cümə" keçirilir. Lakin bütün ölkələrdə aldadılma da var, həqiqət də. Təəssüf ki, aldadılma həqiqətdən daha çoxdur.

İqtisadçı ekspert Xalid Kərimli Trend-ə açıqlamasında bildirib ki, “Black Friday” endirimləri ilə bağlı qanun yoxdur, sadəcə şirkətlər könüllü şəkildə bu prosesə qoşulurlar. Yəni heç kim şirkəti məcbur etmir ki, bu kampaniyada iştirak etsin.

“Bu, sadəcə satışda bir endirim kampaniyasıdır. Bu baxımdan, təbii ki, gerçəkdir. Alıcılar da kifayət qədər ağıllı və həssasdır, qiymətləri müqayisə edə bilirlər. Məsələn, daim qiymətlərindən xəbərdar olduğum fitness klubu əvvəl 50%-ə qədər endirim edirdi. Mən şəxsən o qiymətləri izləyirdim deyə endirimin real olduğunu bilirəm.

Amma, əlbəttə, fırıldaqçılıq edənlər də var. Bu, o demək deyil ki, bütün şirkətlər belədir. Prosesdən sui-istifadə edənlər, reklam mesajlarını səhv verənlər, rəqabət məcəlləsini pozan şirkətlər də olur. Amma ümumən “Black Friday” endirimləri kifayət qədər gerçəkdir”.

X.Kərimli qeyd edib ki, bu endirimlər adi kampaniyalardır, hər birinin öz qayda və şərtləri var. İstəyən iştirak edir, istəməyən etmir.

“Heç kim endirimlərdən yararlanmağa məcbur deyil. Qara Cümə ilə biz qərbin praktikasını tətbiq etmiş oluruq. Azərbaycan bazarında da şirkətlər bu günə uyğun kampaniyalar edir. Bu, noyabrın son həftəsində tətbiq edilir və amerikalıların təcrübəsinə əsaslanır”,- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti