Bakı. Trend:
“RJD Logistika” “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində İranla marşruta Rusiyanın yeni bölgələrini qoşmağı planlaşdırır.
Bunu Trend-ə şirkətin mətbuat xidmətindən bildiriblər.
“RJD Logistika”dan bildirilib ki, 2025-ci ilin noyabrında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində ilk dəfə olaraq İrandakı Aprin quru limanına konteyner qatarı göndərilib.
“Bu daşınma marşrutun genişləndirilməsinin növbəti mərhələsidir və 2025-ci ilin yazında Aprin logistika kompleksinin istifadəyə verilməsi sayəsində mümkün olub. Göndərişlər artıq müntəzəm xarakter alıb ki, bu da alternativ marşruta tələbatın olduğunu təsdiqləyir. Perspektivdə bu istiqamət Rusiya – BRİKS ölkələri və əks istiqamətdə daşımaların həyata keçirilməsi üçün əsas marşrutlardan birinə çevrilə bilər”, – deyə şirkətdən bildirilib.
“RJD Logistika”nın mətbuat xidməti vurğulayıb ki, marşrutun genişləndirilməsinin məqsədi təkcə Rusiya üçün deyil, bütövlükdə Avrasiya üçün müştərilər, biznes və iqtisadiyyat baxımından yeni imkanların yaradılmasıdır.
“Planlara Rusiyanın müxtəlif regionlarının marşruta qoşulması, çatdırılma müddətlərinin daha da sürətləndirilməsi və nəqliyyat infrastrukturunun inkişafı daxildir. Hazırda Rusiyadan ixrac göndərişləri, əsasən Şimal dəmir yolu poliqonundan həyata keçirilir. Rusiya–İran–Hindistan–Şərqi Afrika xətti üzrə yük axınının artmasında İranın rolunun güclənməsi nəzərə alınaraq, İranla logistika əməkdaşlığı genişləndiriləcək”, – deyə mətbuat xidmətindən əlavə edilib.
Eyni zamanda “RJD Logistika” qeyd edir ki, İran üzərindən tranzit daşımaların həcmi ilə yanaşı, İran bazarının özü də Rusiya ixracatçıları üçün maraqlıdır – istehsalçılar artıq məhsullarını dəmir yolu nəqliyyatı ilə İranın müxtəlif şəhərlərinə çatdıra bilirlər.
“İranın Şərq–Qərb və Şimal–Cənub dəmir yolu dəhlizlərinin kəsişməsində yerləşən yeni Aprin quru limanı bu baxımdan mühüm logistika qovşağına çevriləcək”, – deyə şirkətdən bildirilib.
