Bakı. Trend:
Azərbaycanda sığorta sektorunun dayanıqlı inkişafı üzrə prioritetləri müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “X” hesabında paylaşım edib.
“Mərkəzi Bankda sığorta sektorunun rəhbər şəxsləri ilə cari ilin ilk görüşünü keçirdik.
Görüş zamanı sığorta sektorunun 2025-ci il üzrə fəaliyyətinin yekunları, yaxın və orta müddətli inkişaf perspektivləri, eləcə də sektorun dayanıqlı inkişafı üzrə prioritetlərini müzakirə etdik.
Görüşdə həmçinin sığorta sektoru üzrə korporativ idarəetmənin gücləndirilməsi, risk əsaslı prudensial tənzimləmə, eləcə də icbari və könüllü sığorta növlərinin təkmilləşdirilməsi üzrə həyata keçirilən layihələr istiqamətində geniş fikir mübadiləsi apardıq”, - paylaşımda vurğulanıb.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 1,505 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici 2024-cü ilə nisbətən 151,5 milyon manat və ya 11,2% çoxdur.
Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 920,4 milyon manat sığorta ödənişi edilib ki, bu göstərici 2024-cü illə müqayisədə 167,7 milyon manat və ya 22,3% artım deməkdir.
