Bakı. Trend:
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2026-cı ilin yanvar ayında 4,7 milyard manatlıq və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2,5 faiz çox sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 1,4 faiz, qeyri neft-qaz sektorunda isə 8,7 faiz artıb.
Trend bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Sənaye məhsulunun 56,4 faizi mədənçıxarma sektorunda, 35,2 faizi emal sektorunda, 7,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
“Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 2,3 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 8,7 faiz artmışdır.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 2,8 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,1 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 92,7 faiz, elektrik avadanlıqlarının istehsalı 53,2 faiz, tikinti materiallarının istehsalı 39,3 faiz, tütün məmulatlarının istehsalı 37,4 faiz, kağız və karton istehsalı 26,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 20,3 faiz, poliqrafiya məhsullarının istehsalı 8,2 faiz, geyim istehsalı 3,9 faiz artmışdır”,-deyə məlumatda qeyd olunur.
Məlumatda həmçinin qeyd olunur ki, mebel istehsalı 0,3 faiz, qida məhsullarının istehsalı 0,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 3,9 faiz, içkilərin istehsalı 6,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 6,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 6,7 faiz, maşın və avadanlıqların istehsalı 10,8 faiz, neft məhsullarının istehsalı 16,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 21,2 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 26,7 faiz, hazır metal məmulatlarının istehsalı 28,5 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,7 faiz azalıb.
