Azərbaycan, Bakı, 25 iyul/ Trend / Sirr deyil ki, Azərbaycanda fəaliyyət göstərən müəssisələrin əksəriyyəti (təxminən 55 faiz) paytaxda yerləşir. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin məlumatına əsasən, hər gün ölkədə ən azı on yeni təşkilat qeydiyyatdan keçir. Təkcə iyunda qeydiyyata alınan hüquqi şəxslərin sayı 30 faiz artıb. Cari ilin ilk yarımilində yaradılan 3780 müəssisənin təxminən 60 faizi Bakıda yerləşir. Bu səbəbdən də paytaxtın nəqliyyat və kommunal infrastrukturu yüklənir.
Ölkədə yeni sənaye şəhərciyinin yaradılması fikri Bakının iri həcmli istehsal obyektlərindən azad edilməsinə istiqamətlənib. Lakin maliyyə vəsaitlərinin çatışmamazlığı Yeni Yaşmada sənaye şəhərciyinin yaradılması layihəsini qeyri-mümkün edib.
Bir il bundan əvvəl Türkiyə Əməkdaşlıq və Inkişaf Agentliyi (TƏİA) Azərbaycan İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə Yeni Yaşamada sənaye şəhərciyi layihəsinin təqdimatını keçirib. Nazirlər Kabineti layihənin tikintisi üçün 267 hektar torpaq sahəsi ayırıb ki, bunun da 63 hektarı Abşeron, 204 hektarı isə Xızı rayonu ərazisində idi. Təqdimat müvəffəqiyyət qazandı və onun gələcəyi haqqında hər addım başı danışırdılar. Sənaye şəhərciyi 72 sənaye sahəsi, topdansatış ticarət obyekti və bazaları ilə biznes-inkubator rolunu oynamalı idi.
Onun fəaliyyət göstərməsi üçün bütün şərait və müvafiq qanunvericilik bazası yaradıldı: prezident fərmanı, Nazirlər Kabinetinin sərəncamı, hökumətin razılığı. Nazirlər Kabinetinin qərarına əsasən, ilk şəhərciyə üç müəssisəni - "Azərelektroişıq", "Ulduz", "Keşlə maşınqayırma zavodu"nu köçürməyə hazırlaşırdılar. Onların yerinin dəyişdirilməsi prosesi tam axarında gedirdi.
Şəhərciyin yaradılması üçün dövlət büdcəsindən 8 mln. manat ayrıldı. İşə real tələbat bu səviyyəni 15 dəfə ötürdü. İqtisadi İnkişaf Nazirliyinin hesablamalarına görə, təkcə infrastruktur xərcləri bütün layihənin ilkin qiymətləndirmə dəyərini və onun ilkin xərclərini təxminən 4 dəfə üstələyirdi.
Bu ilin əvvəlində Azərbaycan hökuməti layihənin yaradılması fikrindən tam imtina etdi və onun yeni tikinti yerini konkretləşdirdi. Şəhərcik Sumqayıtda fəaliyyət göstərməyən müəssisələrin ərazisində yaradılacaq. Bir tərəfdən, sənaye şəhərciyinin tikintisinin Sumqayıta köçürülməsi maliyyə və yerləşmə mövqeyi nöqteyi-nəzərindən sərfəlidir. Sumqayıtda mövcud model üzərində yeni obyektlərin tikintisinə başlamaq üçün artıq hazır infrastruktur var. Digər tərəfdən isə, bu, sənaye şəhərciyinin ideal modelinin təcəssümü olmayacaq. Çünki Sumqayıt onsuz da sənaye şəhəridir. Nəticədə "şəhərcikdə şəhərcik"alınır.
Ellada Xankişiyeva, Trend -ın Analitik Mərkəzinin direktoru