...

Xəzəryanı dövlətlərarası bankın yaradılmasına sağlam konservativ yanaşma lazımdır: Azərbaycanın maliyyə naziri ilə müsahibə

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2008 11:00
Xəzəryanı dövlətlərarası bankın yaradılmasına sağlam konservativ yanaşma lazımdır: Azərbaycanın maliyyə naziri ilə müsahibə

Trend-i buradan izləyin

Rusiya, Həştərxan, 06 oktyabr / Trend , müxbir R.Ağayev/ Ötən həftə Həştərxanda Xəzəryanı dövlətlərin hökumətlərarası iqtisadi konfransı keçirlib. Konfransda iştirak edən Azərbaycanın maliyyə naziri Samir Şərifov Trend -ın xüsusi müxbirinə müsahibəsində tədbirin yekunları və yeni təşəbbüslər barədə danışıb.

- Azərbaycan Həştərxanda baş tutan hökumətlərarası iqtisadi konfransdan hansı nəticələr çıxarıb?

- Xəzəryanı regionda əməkdaşlıq potensialı kifayət qədər böyükdür və Azərbaycan bu kimi əməkdaşlığın perspektivli yollarının axtarışı ilə bağlı müzakirələrdə fəal iştirak edir. Xəzəryanı region ölkələri nümayəndələrinin görüşü kifayət qədər ənənəvi mahiyyət daşıyır və əhəmiyyətli tarixə malikdir.

Görüş olduqca maraqlı keçdi. Həştərxanda keçirilən konfransın işgüzar sessiyalarından biri Xəzəryanı regionda birgə investisiya layihələrinin maliyyələşdirilməsi mexanizmlərinin axtarılması məsələlərinə həsr olunmuşdu. Bu tamamilə yeni mövzudur. Bu, heç vaxt müzakirə mövzusu olmayıb və ona görə də bu tematika üzrə müzakirələrdə fəal iştirak etdik. Burada ayrı-ayrı ölkələr tərəfindən irəli sürülən birgə layihələrin maliyyələşdirilməsi üçün Xəzəryanı bankın yaradılması da daxil olmaqla, bir çox mümkün ideyalar var. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu məsələyə sağlam konservativ yanaşma lazımdır, bu məsələdə tələsmək olmaz, çünki bankın yaradılması əhəmiyyətli maliyyə vəsaitləri tələb edir.

Digər tərəfdən, söhbət dövlətlərarası bankın yaradılmasından gedir və burada belə bir bankın işinin Xəzəryanı dövlətlərdə fəaliyyət göstərən özəl kommersiya tipli bank strukturlarının fəaliyyətinə ziyan vurmayacağına və ya mane olmayacağına dəqiq əmin olmaq lazımdır. Ümumilikdə, güman edirik ki, bu yanaşma daha çox məntiqə uyğundur. Biz burada hər şeydən əvvəl nə etmək istədiyimizi, hansı layihələrdən söhbət edəcəyimizi müəyyən etməliyik və yalnız bundan sonra birgə layihələrin maliyyələşdirilməsi, həmçinin haradan və hansı maliyyə resurslarının cəlb edilməsi üçün hansı ssenari və mexanizmin yaradılacağını düşünmək olar.

- Bu bank konfransda yaradılma imkanları müzakirə olunan Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının (XİƏT) tərkib hissəsi və ya ayrıca strukturu ola bilərmi?

- İlk növbədə hər hansı bir institusional təşkilati mexanizmin, o cümlədən XİƏT-in yaradılmasının məqsədəuyğunluğu barədə ciddi düşünmək lazımdır. Bu məsələ açıq qalır və bura müvafiq olaraq bank, hansısa tədqiqat mərkəzlərinin yaradılması kimi digər məsələlər də daxil olur. Bizim fikrimizcə, məhz hər hansı bir təşkilati strukturun yaradılma məsələlərində kifayət qədər mühafizəkar olmaq lazımdır. İlk növbədə, bunun həqiqətən məqsədəuyğun və aktual olmasına əmin olmaq lazımdır, belə ki, istənilən belə institusional struktur əhəmiyyətli dərəcədə maliyyə, intellektual və insan resursları tələb edir.

- Digər Xəzəryanı dövlətlər Azərbaycanın bu mövqeyni nə dərəcədə dəstəkləyir?

- Məndə belə bir təəssürat yaranıb ki, Azərbaycanın bu məsələyə dair mövqeyi kifayət qədər müsbət qarşılanıb. Əgər regionda birgə mahiyyətli hansısa layihələr varsa, ilk növbədə onların nəyə aid layihələr olduğunu nəzərdən keçirmək lazımdır. Bu layihələr üçün maliyyə lazımdırsa, o zaman nə üçün mövcud potensialdan istifadə etməyək? Çünki regionun bir çox ölkələri bir çox subregional və regional xarakterli beynəlxalq maliyyə, dövlətlərarası təşkilatların üzvüdür. Buna görə mən düşünürəm ki, burada mövcud potensialın tam olaraq tükənib-tükənməməsini nəzərdən keçirmək, daha sonra hansısa təşkilati strukturun yaradılması barədə düşünmək lazımdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti