...

Avropa ilə Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycan son illər iqtisadi inkişaf yolundadır - Azercell-in başçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2009 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 mart / Trend / "Avropa ilə Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycan son illər iqtisadi inkişaf yolundadır", - "Azercell Telekom" MMC-nin prezidenti Ali Ağan Moskvada keçirilən Telecoms World Russia and CIS-2009 beynəlxalq konfransında çıxışı zamanı bu fikirləri bildirib.

"Əminəm ki, Avrasiya regionunun dünya üçün önəmliliyinin artdığı bir dövrdə Azərbaycanın göstərdiyi inkişaf yolu bir çox ölkələr üçün nümunə olacaq", - Ağan qeyd edib.

"Cənab Ağan konfransın Avrasiya regionuna həsr olunmuş günündə əsas məruzəçi olaraq "İnkişaf edən ölkələrin iqtisadi artımında telekommunikasiya sektorunun rolu" mövzusunda məruzə ilə çıxış edib", - Azercell-in məlumatında deyilir.

Ali Ağan öz məruzəsində toplantı iştirakçılarına yalnız "Azercell"-in fəaliyyəti barədə məlumat verməyib, hazırda dinamik templə inkişaf edən Azərbaycanın iqtisadiyyatından, bütün dünyanı bürüyən iqtisadi böhran fonunda ölkənin inkişafının dayanıqlılığından söz açıb.

Azərbaycanda telekommunikasiyanın hazırda prioritet sahələrdən biri olduğunu bildirən Ali Ağan qeyd edib ki, indi İKT sektorunun inkişafı ümumi iqtisadi inkişafı 3 dəfə üstələyib. 

Hətta proqnozlara görə, 2020-ci ildə Azərbaycanda İKT sahəsindən əldə olunan gəlirlər ölkənin neft sahəsindən əldə edəcəyi gəlirlər səviyyəsinə çatacaq", - şirkətin başçısı bildirib.

"Azercell"-in prezidentinin sözlərinə görə, bir çox inkişaf etmiş ölkələrin iqtisadi sektorunu çökdürən maliyyə böhranına baxmayaraq, Azərbaycan 2008-ci ili 11 faizlik ÜDM artımı ilə başa vurub. "Ümumiyyətlə, son illərdə Azərbaycanda ÜDM 3 dəfə artıb ki, bunu tarixi rekord kimi qiymətləndirmək olar. Son vaxtlar neft qiymətlərinin 3-4 dəfə azalmasına baxmayaraq, ölkəmiz daha da inkişaf edir və güclənir", - Ağan bildirib.

Azercell" prezidenti onu da vurğulayıb ki, Azərbaycanda inkişafın davamlılığının əsas səbəbi prezident İlham Əliyevin rəhbərliyi altında hökumətin qeyri-neft sektorunun inkişafına verdiyi xüsusi önəmlə əlaqədardır. "Artıq telekommunikasiya sahəsinin inkişafı üzrə xüsusi dövlət proqramı da qəbul olunub", - Ağan qeyd edib.

Ali Ağan Azərbaycanda iqtisadi inkişafın bariz nümunəsi olan "Azercell"-in fəaliyyəti ilə bağlı bəzi rəqəmləri də konfransda səsləndirib. "Artıq ölkənin milli brendinə çevrilən "Azercell" fəaliyyət göstərdiyi 13 il ərzində 8 milyonluq Azərbaycanın iqtisadiyyatına 1 milyard dollara yaxın sərmayə yatırıb. Bizim ödədiyimiz vergilərin ümumi həcmi isə 600 milyon dollardan artıq təşkil edib. Qeyri-neft sektorunun ödədiyi vergilərin 10%-i isə bizim payımıza düşür", - Ağan bildirib.

Azercell Telecom Azərbaycanın ən böyük mobil operatorudur və 3,5 milyon abunəçiyə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti