...

Ermənistan: viran qalmış iqtisadiyyatla böyük ambisiyalar

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2009 18:05 (UTC +04:00)
Ermənistan: viran qalmış iqtisadiyyatla böyük ambisiyalar

Bakı, Azərbaycan, 04 mart / Trend /

Ellada Xankişiyeva, Trend -ın analitik mərkəzinin direktoru

Ermənistan iqtisadiyyatı viran qalıb və o, tam təşviş içindədir. Dünya maliyyə böhranı məhz belə şəkildə böyük ambisiyalı bu kiçik ölkəyə də gəlib çatdı. Addımbaaddım böhran əvvəlcə bank, sonra tikinti sektorunu iflic etdi. Sonra böyük istehsal obyektləri fəaliyyətsiz qaldı, işsizliyin səviyyəsi artdı və nəticədə güclü devalvasiya və qida məhsullarının çatışmazlığı baş verdi. Durum həm də xarici ticarət dövriyyəsinin mənfi saldosu ilə çətinləşir. Bəs görəsən, keçmiş SSRİ ölkələri arasında niyə məhz Ermənistan maliyyə böhranının ilk "qurbanı" oldu?

İş ondadır ki, ətraf dünyadan nəqliyyat blokadası ilə faktiki olaraq təcrid edilmiş və ciddi təbii resursları olmayan Ermənistan iqtisadiyyatı erməni diasporunun böyük həcmli sərmayələrinin üzərində dayanır. Başlanğıcını ABŞ-dan götürən böhran, bu ölkənin erməni diasporunun maliyyə imkanlarına ciddi zərbə vurub və getdikcə bu diasporun Rusiya və Avropadakı dayaqlarını zəiflədib.

Hətta Ermənistan prezidentinin həmvətənlərinə maliyyələşdirməni kəsməməyə çağırması belə heç bir vətənpərvərə təsir göstərmədi. Hazırda ABŞ, Avropa və Rusiyada yaşayan erməniəsilli sahibkarları göz görə-görə "arıqlamaqda" davam edən pul kisələri daha çox maraqlandırır.

Bununla yanaşı, Ermənistanın milli valyuta - dramın sabitliyinin təmin olunmasına yönəldilmiş, onsuz da qısır milli ehtiyatları da "arıqlayırdı". Öz banklarında kiçik və orta biznesə dəstək üçün kredit vəsaitlərinin axtarışında "əldə olunan" uğursuzluqlardan sonra Ermənistan höküməti dövlət büdcəsindəki dəlikləri "yamamaq" üçün müxtəlif mənbələrdən tələm-tələsik maliyyə vəsaitləri cəlb etməyə başladı.

Belə ki, İrəvan Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fonduna (BVF) dünya maliyyə böhranının nəticələrinin arxada qoyulması üçün böyük həcmdə maliyyə yardımı üçün müraciət edir. 500 milyon dollarlıq sabitləşmə kreditini Ermənistan Rusiyadan yalvarıb alır. İlkin müqaviləyə müvafiq olaraq kredit, 4 illik güzəşt müddəti ilə 15 il müddətinə verilir.

Nüfuzlu beynəlxalq təşkilatların proqnozları da Ermənistanın tərəfində deyil. BVF erməni dramının daha 20-30 faiz devalvasiyasını, 2009-cu ildə ÜDM-nin isə 1,5 faiz aşağı düşəcəyini proqnozlaşdırır. DB-də Ermənistana 2009-cu ildə 0 faizlik artım proqnoz verib.

Erməni hökuməti milli valyutanın çökməsini Ermənistanın rəqabət qabiliyyətliliyinin artırılması və yeni iş yerlərinin açılması tədbirləri kimi qələmə verməyə nə qədər çalışsa da, dünya ictimaiyyətini aldatmaq olmayacaq. Bu ölkənin qısır iqtisadiyyatı, dünya maliyyə böhranı şəraitində Ermənistan üçün tam bir iflasa çevrilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti