Azərbaycan, Bakı, 08 may / Trend /
Azersun Holding-in təşəbbüsü ilə Şuşa Dövlət Musiqili Dram Teatrı may ayının 7-də Şuşanın işğalının 17-ci ildönümü ilə əlaqədar holdinqin mədəniyyət mərkəzində "Qəlbimin şüşəsi Şuşa" adlı anım mərasimi keçirib.
Azersun-un məlumatında deyilir ki, mərasimdə ilk olaraq Şuşa şəhərinin tarixindən, mədəniyyətindən və söz sənətindən söhbət açılıb. Sonra isə Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı "Adsız qadın" adlı monotamaşa nümayiş etdirilib.
Şuşa, 8 may 1992-ci ildə Ermənistanın işğalçılıq siyasətinin qurbanı olub.
Şuşanın işğalı zamanı 200 nəfər şəhid olub, 552 körpə yetim qalıb, 150 nəfər əlil olub, 22 minə yaxın insan qaçqın düşüb, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat məktəbi və s. dağıdılıb.
"Şərqin konservatoriyası" adlandırılan Şuşa Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük bəstəkarların və dirijorların vətənidir. Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov kimi dahi sənətkarlar əslən şuşalıdırlar.
Tanınmış yazıçılar Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, şairə Xurşudbanu Natəvan, şair Qasım bəy Zakir, rəssam Toğrul Nərimanbəyov, heykəltaraş Cəlal Qaryağdı və başqaları bu şəhərdə dünyaya gəlib.
Şuşanın təməli 1751-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib. Rusiyanın müstəmləkə hakimiyyəti dövründə Şuşa bütün Qarabağ regionunun inzibati və iqtisadi mərkəzi olub və inkişaf edib. Əsrlər boyu bu şəhər Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biri olub və onun tarixi Azərbaycan dövlətinin ayrılmaz bir hissəsidir.