Azərbaycan, Bakı, 11 may / Trend , müxbir S.Əliyev / Bazar ertəsi səhər saat 07:30-da mazut daşıyan beş qatarın relsdən çıxması nəticəsində Bakı-Gürcüstan sərhəddi istiqamətində hərəkəti durdurulan sərnişin qatarlarının hər iki istiqamətdə hərəkəti bərpa edilib. Bu barədə Trend -a Azərbaycan Dövlət dəmiryol idarəsinin mətbuat xidmətindən bildiriblər.
Artıq iki qatar relslərin üzərinə quraşdırılıb. Hazırda üçüncü qatarın quraşdırılması istiqamətində işlər aparılır.
Səngəçal-Batumi istiqamətində hərəkət edən beş qatarın relsdən çıxması nəticəsində xəsarət alan olmayıb. Daşınan yükün tökülməsi müşahidə edilməyib.
Qəza Azərbaycanın Hacıqabul rayonunun Sığırlı stansiyasında baş verib. Qəza üzündən "Gəncə-Bakı" ekspress-qatarının sərnişinlər avtobuslara yerləştirilərək "Hacıqabul" stansiyasına çatdırılıb və oradan digər qatarla Bakıya yollanıblar.
Hazırda qəzanın səbəbləri araşdırılır. Hadisə yerində Azərbaycan Dövlət dəmiyol idarəsinin xüsusi komissiyası işləyir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]