Azərbaycan, Bakı, 02 oktyabr / Trend /
Bu gün İstanbul şəhərində Azərbaycan bankı Bank Respublika ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında Bank Respublikaya 5 il müddətinə 20 milyon ABŞ dolları məbləğində kredit xəttinin açılmasına dair sazişin imzalanma mərasimi keçirilib. Kredit xətti ölkədə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi (SME Lending) proqramı üzrə ayrılıb. Bu barədə cümə günü bankdan məlumat verilib.
"Bank Respublikaya kredit xəttinin ayrılması barədə qərar bankın maliyyə göstəricilərinin və ölkənin bank xidməti bazarında mövqelərinin qiymətləndirilməsi əsasında IFC-nin Direktorlar Şurasının iclasında qəbul olunub", - məlumatda deyilir.
Saziş IFC-nin illik toplantısı zamanı, Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun (World Bank Group) illik görüşü ərəfəsində imzalanıb. Qlobal iqtisadi icmalın təqdim olunacağı bu görüşdə mərkəzi bankların, maliyyə və inkişaf nazirliklərinin və özəl sektorun nümayəndələri iştirak edir. İllik görüşdə qlobal əhəmiyyətli məsələlərin, o cümlədən yoxsulluğun azaldılması, iqtisadi inkişaf və effektivliyin saxlanması ilə bağlı məsələlər müzakirə olunur.
Bank Respublika IFC ilə 2007-ci ildən əməkdaşlıq edir. O zaman kiçik və orta sahibkarlığın kreditləşdirilməsi layihəsi üzrə ilk krerdit xətti açılıb.
"Bank Respublika IFC ilə 2007-ci ildən kiçik və orta sahibkarlığın kreditləşdirilməsi proqramı üzrə ilk kredit xətti alındığı dövrdən tərəfdaşlıq edir. Hazırda imzaladığımız saziş tərəfdaşlığımızın yeni mərhələsi olaraq ölkəmizdə mikro, kiçik və orta müəssisələrin kreditləşdirilməsi üçün Bank Respublikanı əlavə maliyyə vəsaitləri ilə təmin edir. Bu da ölkəmizdə dayanıqlı özəl sektorun təməlini möhkəmlədərək gələcək illərdə iqtisadi inkişafı stimullaşdıracaq", - imzalanma mərasimində Bank Respublikanın İdarə Heyətinin sədri Xədicə Həsənova vurğulayıb.
Bank Respublika və beynəlxalq maliyyə təşkilatları arasında müxtəlif kredit proqramları və ticarətin maliyyələşdirilməsinə görə imzalanan razılaşmaların ümumi həcmi 200 milyon ABŞ dollarını keçib. Bank Respublika Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Niderland İnkişaf Maliyyə Şirkəti (FMO), Alman-Azərbaycan Fondu, Qara dəniz Ticarət və İnkişaf Bankı, DEG Almaniya İnvestisiya Şirkəti və digər maliyyə təşkilatları ilə əməkdaşlıq edir.
Bank Respublika 1992-ci ildən fəaliyyət göstərir və Azərbaycanın aparıcı banklarından biridir. Bankın səhmdarları sırasında 25faiz + 1 səhm payla Almaniyanın 2 böyük maliyyə təşkilatları da mövcuddur - KfW bank qrupunun üzvü DEG və Sparkassen-Finanzgruppe-nin üzvü SIDT.