...

Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı ticarətin səviyyəsi yaxın vaxtlarda əhəmiyyətli dərəcədə artacaq – Prezident İlham Əliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2009 11:57 (UTC +04:00)
İqtisadi böhrana və əmtəə dövriyyəsinin səviyyəsinin müəyyən qədər azalmasına baxmayaraq, əvvəlki illərin təcrübəsi göstərir ki, iqtisadi əlaqələr dinamik inkişaf edib. Bu barədə cümə günü Bakıda Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı ticarətin səviyyəsi yaxın vaxtlarda əhəmiyyətli dərəcədə artacaq – Prezident İlham Əliyev

İqtisadi böhrana və əmtəə dövriyyəsinin səviyyəsinin müəyyən qədər azalmasına baxmayaraq, əvvəlki illərin təcrübəsi göstərir ki, iqtisadi əlaqələr dinamik inkişaf edib. Bu barədə cümə günü Bakıda Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Mən əminəm ki, bu müvəqqəti azalma yaxın vaxtlarda aradan qaldırılacaq. Xüsusən ona görə ki, bizim nəzərdə tutduğumuz və bu gün imzalanmış sənədlərdə öz əksini tapmış layihələr, ilk növbədə energetika sahəsində layihələr nəzərə alınmaqla, əminəm ki, ölkələrimiz arasında qarşılıqlı ticarətin səviyyəsi yaxın vaxtlarda əhəmiyyətli dərəcədə artacaq", - İlham Əliyev qeyd edib.

Oktyabrın 2-də Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəlib. Görüş çərçivəsində ölkələr arasında səkkiz hökumətlərarası müqavilə imzalanıb.

"Kazmunayqaz" Milli Şirkəti Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında "Qazaxıstanın karbohidrogen yataqlarının işlənməsi zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz infrastrukturunun obyektlərinin birgə istifadəsi haqqında Memorandum", "Bakı-Qara dəniz neft kəməri üzrə əməkdaşlığa dair Niyyət Memorandumu" , "Transxəzər layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın işlənib hazırlanması ilə əlaqədar birgə fəaliyyət haqqında Müqavilə" imzalanıb.

Həmçinin tərəflər "kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş" və "Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında 1992-1993-cü illər ərzində müxbir hesabları üzrə hesablaşmalara keçidə kimi və ondan sonra ticarət-iqtisadi münasibətlər nəticəsində yaranmış borcun ödənilməsi haqqında Saziş" imzalayıb. "Sumqayıt şəhəri (Azərbaycan Respublikası) və Aktau şəhəri (Qazaxıstan Respublikası) arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Birgə Bəyannamə" imzalanıb.

İlham Əliyevin sözlərinə görə, energetika sahəsində Azərbaycan və Qazaxıstan müttəfiq, Xəzərdə qonşudur və bu sahədə münasibətlərin inkişaf etdirilməsi üçün gözəl potensial imkanlar var. "Mən əminəm ki, bu gün imzalanmış sənədlər böyük yolun yalnız başlanğıcıdır. Hərçənd, deməliyəm ki, elə bu gün də yaxşı nəticələrimiz var. Qazaxıstan nefti bizim ölkəmizin ərazisindən müxtəlif yollarla - həm dəmiryol, həm də Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə dünya bazarlarına nəql edilir. Gələcəkdə yeni boru kəmərlərinin, Azərbaycanın digər nəqliyyat imkanlarının işə salınması ölkələrimiz arasında daha artıq inteqrasiyaya gətirib çıxaracaq", - Azərbaycan Prezidenti bəyan edib.

İlham Əliyevin fikrnicə, nəqliyyat sahəsində yaxşı perspektivlər var. "Əminəm ki, Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi başa çatandan sonra bizim Qazaxıstandakı dostlarımız da bu dəmiryolundan istifadə etmək imkanına malik olacaqlar. Bu yol, sözün geniş mənasında, Avropanı Asiya ilə birləşdirəcək", - o deyib.

Nursultan Nazarbayev ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi, habelə Xəzərdə, Qafqaz regionunda səmərəli əməkdaşlıq üçün əlverişli mühitin yaradılması, təhlükəsizlik tədbirlərinin və qarşılıqlı etimadın möhkəmlənməsi sahəsində səylərə görə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti