Azərbaycan, Bakı, 9 mart / Trend , müxbirlər Ü.İsmayılova, A.Hüseynbala/
2010-cu ildə Azərbaycanda pensiyanın minimum həcminin artırılması Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna (DSMF) icbari dövlət sosial sığorta ödənişlərindən daxilolmaların səviyyəsindən asılı olacaq. Bu barədə çərşənbə axşamı fondun rəhbəri Səlim Müslümov bildirib.
"Azərbaycanın sosial fondu hazırda icbari sosial sığorta üzrə ödənişlərdən vəsaitlərin daxil olmasının səmərəliliyinin təminatı üçün tədbirlər həyata keçirir", - Müslümov deyib.
Onun sözlərinə görə, tədbirlər əməyin ödənişinin leqallaşdırılması, əhalinin əmək fəaliyyəti ilə məşğul olan hissəsinin qeydiyyatı ilə bağlıdır.
"Əməkhaqqı fondundan 25 faiz ayırmalar (Azərbaycanda icbari sosial sığorta üzrə ödənişlərin həcmi) ölkədə pensiyaların səviyyəsinin artırılması üçün rezerv yarada bilər", - Müslümov bildirib.
Azərbaycanda minimal pensiyanın səviyyəsi 75 manat təşkil edir. 2010-cu il yanvarın 1-dən Azərbaycanda əmək pensiyalarının əmək stajından asılı olaraq hesablanması üzrə yeni mexanizm tətbiq olunur. Yeni mexanizmə görə, gələcəkdə pensiya ilə 10 il iş stajı olanlar təmin ediləcək. Qalan şəxslər isə sosial müavinətlər alacaq.
2009-cu ildə əmək pensiyaçılarının sayı 27 min nəfər artaraq 1,302 milyon təşkil edib. Bunun 59 faizini yaşa, 35 faizini əlilliyə, altı faizini isə ailə başçısını itirdiyinə görə pensiyaya çıxanlar təşkil edib.
2009-cu ilin sonlarında orta aylıq pensiyanın həcmi 100,4 manat təşkil edib. Ötən il ÜDM-də pensiya ödənişlərinin payı 5,3 faiz təşkil edib ki, bu da Azərbaycanın müstəqilliyi dövründə ən yüksək göstərici sayılır və beynəlxalq səviyyədə qəbul olunmuş beşfaizlik həddin keçilməsi deməkdir.
Martın 9-na olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.