Azərbaycan, Bakı, 1 aprel/ Trend /
Beynəlxalq Maliyyə Korporasiyası Qlobal Ticarətin Maliyyələşməsi Proqramı üzrə "DəmirBank" üçün ayrılan limiti 10 mln ABŞ dolları məbləğinə qədər artırıb. Bu barədə "DəmirBank"ın məlumatında bildirılir. Sözügedən proqram çərçivəsində "DəmirBank" üçün ayrılan əvvəlki məbləğ 5 mln ABŞ dolları təşkil edib. Kredit xəttinin uğurlu istifadəsi nəticəsində Beynəlxalq Maliyyə Korporasiyası bu məbləği 2 dəfə artırıb.
Bu sazişdə məqsəd qlobal ticarətin maliyyələşməsi, ayrılmış vəsait hesabına import və eksport əməliyyatlarının maliyyələşdirilməsi üçün kreditlərin verilməsidir. Müqavilə müddətsizdir, bu da bankın beynəlxalq ticarətin maliyyələşdirilməsi sahəsində əməliyyatlarının artmasını və dövriyyənin uzun müddət yüksək olmasını təmin edir.
"DəmirBank" Beynəlxalq Maliyyə Korporasiyası ilə Qlobal Ticarətin Maliyyələşməsi Proqramı, Mikro və Kiçik Sahibkarlığın maliyyələşdirilməsi və İpoteka kreditləşməsi üzrə geniş əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində müştərilərə münasib şərtlərlə müvafiq xidmətlər göstərilir. Bu əməkdaşlıq bankın inkişafına da müsbət təsir edir", - deyə bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.
Ölkənin ilk banklarından olan "DəmirBank" (əvvəlki adı "Azərdəmiryolbank") 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.