...

Bakıda çirklənməyə görə iki çimərlik bağlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2010 12:08 (UTC +04:00)
Bakı şəhəri ərazisində yerləşən çimərliklərin yay mövsümünə hazırlıq vəziyyətinə və çimərlik ərazilərində dəniz suyunun keyfiyyət göstəricilərinə nəzarət məqsədilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən laboratoriya-tədqiqat üsullarının tətbiqi ilə müayinələr və araşdırmalar aparılıb.
Bakıda çirklənməyə görə iki çimərlik bağlanıb

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Ü.İsmayılova/

Bakı şəhəri ərazisində yerləşən çimərliklərin yay mövsümünə hazırlıq vəziyyətinə və çimərlik ərazilərində dəniz suyunun keyfiyyət göstəricilərinə nəzarət məqsədilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən laboratoriya-tədqiqat üsullarının tətbiqi ilə müayinələr və araşdırmalar aparılıb. Aparılmış araşdırmalar göstərib ki, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya-mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənməsi halları hələ də davam etməkdədir. Şıx çimərliyinin sanitar-mühafizə zolağına Bibiheybət, Badamdar, "20-ci Sahə" yaşayış ərazilərindən və Lökbatan qəsəbəsi istiqamətində təsərrüfat-məişət çirkab suları, Sahil çimərliyinin mühafizə zolağına isə Sahil təmizləyici qurğular stansiyasında təmir-yenidənqurma işləri başa çatdırılmadığından, tam təmizlənməmiş çirkab suları axıdılır.

Aparılmış laborator müayinələrinin nəticələrinə görə, göstərilən çimərliklərin ərazilərində dəniz suyunun bakterioloji çirklənmə göstəricilərinin də normadan yüksək olduğu aşkar edilib.

Mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyini, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsini nəzərə alaraq, "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikası baş dövlət sanitariya həkiminin müavini tərəfindən Səbail rayonunun Şıx çimərliyinin, Qaradağ rayonunun Sahil çimərliyinin və göstərilən ərazilərin qeyri-qanuni çimərlik sahələrinin çimərlik kimi istifadəsinin qadağan edilməsi barədə qərar çıxarılıb.

Qəbul edilmiş qərarın icrasına köməklik göstərilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Bakı Şəhər Baş Polis İdarəsinə müvafiq məktublar göndərilib.

Xəbər lenti

Xəbər lenti