Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir N.İsmayılov/
Ödəniş kartları və prosessinq mərkəzlərinin fəaliyyətinin təhlükəsizlik problemləri sahəsində ilk beynəlxalq Bakı konfransı bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə yönəlib. Bu barədə konfransda Azərbaycan bankı "Royal Bank"ın idarə heyətinin sədri Samir Əkbərov deyib.
"Bu, ödəniş kartları sahəsində informasiya təhlükəsizliyi problemləri üzrə Azərbaycanda keçirilən ilk konfransdır. Konfransın əsas məqsədi təcrübə mübadiləsi və ümumi məsələlərin müzakirəsidir", - Əkbərov bildirib.
"Sysnet" şirkətinin Ukrayna və MDB-də biznesin inkişafı üzrə meneceri İqor Leqkodımovun sözlərinə görə, 2010-cu ildə məlumat sızmasının 38 faizi otellərin payına düşür. Bu, əsasən, otellərin ümumi məlumat bazasının olması səbəbindən otellərdə qalan müştərilərin öz hesablarında böyük məbləğlərin olmasına görə baş verir.
"İkinci yeri maliyyə təşkialtları, o cümlədən, banklar tutur. Təhlükəsizlik tələblərinə riayət etməyən şirkətlərdə məlumat sızmaları ilə bağlı qeydə alınan halların 90 faizi, 80 faiz hallarda isə PCI DSS standartlarının olmaması, baş verən halların yarısında "fayervol"ların və eləcə də uzaq buraxılış servislərinin düzgün quraşdırılmaması olub", - Leqkodımov qeyd edib.
Onun fikrincə, belə məlumat sızmaları banklara həm maliyyə, həm də nüfuz və brendinə ziyan vurur.
"İnformasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə dünyanın ödəniş sistemləri tərəfindən PCI DSS standartı hazırlanıb ki, onun da tətbiqi bəzi tələbləri, o cümlədən, müştəri məlumatları ilə bağlı informasiyaya daxilolma üzrə məhdudiyyətin qoyulması, nisbətən etibarsız yerlərin müəyyənləşdirilməsi məqsədilə monitorinqlərin keçirilməsi, sənədləşdirmənin üçpilləli sistemini nəzərdə tutur", -o deyib.
Konfrans dünyamiqyaslı banklarla böyük təcrübəsi və təhlükəsizlik sahəsində yaxşı mövqeləri olan İrlandiyanın "Sysnet" şirkəti ilə əməkdaşlıq çərçivəsində keçirilir. Şirkət Rusiya, Ukrayna, Qazaxıstan, Azərbaycan, Belarus, Moldova, Aİ və Afrika ölkələrində, ABŞ və Kanada da fəaliyyət göstərir.
Konfransda ödəniş kartları sahəsində informasiya təhlükəsizliyinin aktual problemləri və fəaliyyətin bu sektorunda dünya şirkətlərinin qərarları müzakirə edilir.