Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Nəqliyyat Nazirliyi bu ilin sonunda - gələn ilin əvvəlində ölkənin dəmiryol infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi istiqamətində fəaliyyəti aktivləşdirmək niyyətindədir. Bu barədə çərşənbə günü nəqliyyat naziri Ziya Məmmədov deyib.
Onun sözlərinə görə, işlərin xarici maliyyə institutlarının kreditləri hesabına həyata keçirilməsi nəzərdə tutulub. Onların sırasında 450 milyon dollar ayırmış Dünya Bankı və 215 milyon avro vermiş Çexiyanın İxrac Bankı var.
İşlərin iyulun əvvəlində təsdiqlənmiş "2010-2014-cü illərdə Azərbaycanın dəmiryol nəqliyyatı sisteminin inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilməsi nəzərdə tutulub.
Dövlət Proqramının əsas məqsədləri islahatların davam etdirilməsi və dəmir yollarının kommersiya fəaliyyəti üçün geniş imkanlar yaratmaq üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, dəmiryol infrastrukturunun və dəmiryol parkının müasir tələblərə uyğun yenilənməsi üzrə tədbirlərin reallaşdırılması, Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınmasından sonra, həcmi artacaq yüklərin nəqlinin təmin olunmasıdır.
Eləcə də proqramın məqsədinə yük və sərnişin daşınmalarının keyfiyyətinin artırılması və təhlükəsizliyinin təmin olunması, nəqliyyat infrastrukturunda elmi-texniki nailiyyətlərin və qabaqcıl texnologiyaların tətbiqi, sərnişin daşınmalarının keyfiyyətinin artırılması strategiyasının müəyyən edilməsi və reallaşdırılması, onların gəlirliliyinin artırılması, sabit cərəyanda işləyən yolların şimal hissəsinin bərpası, qərb istiqamətində sabit cərəyan sistemlərinin dəyişən cərəyana dəyişdirilməsi və müvafiq lokomotivlərin alınması, dizel lokomotivlərinin alınması, Bakı və Biləcəri dəmiryol xəstəxanaları istisna olmaqla, əlavə xidmətlərin ayrılması, kadrların hazırlanması və onların sosial təminarı da daxildir.