...

Ankarada Bakı-Tbilisi-Qars dəmiryol layihəsi çərçivəsində növbəti görüş keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2010 12:10 (UTC +04:00)
Azərbaycanın Nəqliyyat Nazirliyi oktyabrın 4-7-də Ankarada Bakı-Tbilisi-Qars yeni dəmiryol xəttinin yaradılması layihəsi çərçivəsində keçiriləcək növbəti müzakirələrdə iştirak edəcək.
Ankarada Bakı-Tbilisi-Qars dəmiryol layihəsi çərçivəsində növbəti görüş keçiriləcək

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Azərbaycanın Nəqliyyat Nazirliyi oktyabrın 4-7-də Ankarada Bakı-Tbilisi-Qars yeni dəmiryol xəttinin yaradılması layihəsi çərçivəsində keçiriləcək növbəti müzakirələrdə iştirak edəcək. Bu barədə bazar ertəsi nazirliyin yaydığı məlumatda deyilir.

Məlumata görə, müzakirələrdə Nəqliyyat Nazirliyini təhlükəsizlik və fövqəladə hallar şöbəsinin müdiri Kazım Şərifov təmsil edəcək.

Layihə iştirakçısı olan hər üç ölkə nümayəndələrinin iştirak edəcəyi müzakirələr çərçivəsində MDB ölkələri, Türkiyə və Avropanın dəmir yolları ilə hərəkət edən qatarların hərəkəti; bu dövrdə yarana biləcək problemlər və onların həlli yolları; dəmiryolun Gürcüstan hissəsində Axalkalaki stansiyasından müxtəlif yüklü vaqonlardan ibarət qatarların hərəkəti qaydalarının araşdırılması gözlənilir.

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində dəmiryol magistralının yeni 105 km-lik qolunun tikintisi də planlaşdırılır. Bunun 76 km-i Türkiyə, 29 km-i isə Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, nəqletmə gücünü ildə 15 milyon ton yükə çatdırmaq üçün Gürcüstanda 183 km-lik Axalkalaki-Marabda-Tbilisi dəmir yolunun 183 km-lik hissəsi yenidən qurulacaq. Axalkalakidə Gürcüstanda mövcud olan dəmiryol təkərlərinin Avropa standartlarına uyğun təkərlərlə əvəz edilməsi üzrə məntəqələrin tikilməsi də planlaşdırılır.

Bundan əvvəl Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun verdiyi məlumata görə, tikinti işlərinin 2012-ci ilin birinci yarısında başa çatdırılması planlaşdırılıb. Lakin layihənin həyata keçirilmə müddətinin razılaşdırılmasına baxmayaraq, tərəflər prosesin sürətləndirilməsi və işlərin böyük hissəsinin 2011-ci ilin sonunadək başa çatdırılması üzərində işləyirlər.

Xəbər lenti

Xəbər lenti