Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir A.Axundov/
Azərbaycan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində aparılan araşdırmalar nəticəsində iki müəssisədə qanunsuz sahibkarlıq və vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktları müəyyən edilib və cinayət işləri başlanılıb. Bu barədə nazirliyin çərşənbə axşamı rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
"Texnoqrupcom" MMC-də 1 sentyabr 2009-cu il tarixdən 1 iyun 2010-cu il tarixədək, "Orbita-AB" MMC-də isə 1 iyul 2008-ci il tarixdən 1 may 2010-cu il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlamaları aparılarkən müəyyən edilib ki, həmin cəmiyyətlərdə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) alınmadan neft məhsullarının satışı aparılıb və həmin qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində külli miqdarda xalis gəlir əldə edilib.
Məlumatda deyildiyi kimi, bundan başqa, "Texnoqrupcom" MMC-nin rəhbərliyi vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlir və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə külli miqdarda əlavə dəyər vergisini dövlət büdcəsinə ödəməkdən yayındırıb. "Orbita-AB" MMC-də isə vergi orqanına bəyannamə təqdim edilməyib və bununla da xeyli miqdarda mənfəət vergisi dövlət büdcəsinə ödənilməkdən yayındırılıb.
"Texnoqrupcom" MMC üzrə toplanmış materiallar əsasında Azərbaycanın Cinayət Məcəlləsinin 192.2.2 və 213.2.2, "Orbita-AB" MMC üzrə isə 192.2.2 və 213.1-ci maddələri ilə cinayət işləri başlanılıb.