Azərbaycan, Bakı, 1 dekabr /Trend/
Azərbaycan bankı AGBank POS-terminal istifadəçilərinin işini asanlaşdıracaq GSM/GPRS sistemli cihazların quraşdırılmasına başlayıb. Bu barədə bankın çərşənbə günü yayılan məlumatında deyilir.
"Müştərilərimizin obyektlərinə quraşdırılan GSM/GPRS sistemli yeni POS-terminalların üstünlüyü əməliyyatların iki-üç qat sürətlə həyata keçirilməsi və obyektə əlavə telefon xəttinin çəkilməsinə ehtiyac duyulmamasındadır", - məlumatda qeyd edilib.
Yeni POS-terminallar təhlükəsizlik baxımından da əvvəlkilərdən xeyli dərəcədə fərqlənir. "Belə ki, GSM sistemli SİM-kartlar vasitəsilə işləyən GPRS əsaslı POS-terminallarla keçirilən əməliyyatların təhlükəsizliyinə tam zəmanət verilir", - məlumatda deyilir.
Sözügedən POS-terminallar VISA, MasterCard və American Express ödəniş sistemlərinin hər birindən uyğunluq sertifikatı alıb.
Hazırda AGBank tərəfindən 380 ədəd POS-terminal quraşdırılıb.