Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbirlər V.Javoronkova, E.İsmayılov/
Cümə günü Bakıda açılan Özbəkistanın Milli Sərgisi ölkələr arasında münasibətlərin möhkəmlənməsində və mal dövriyyəsinin artmasında mühüm rol oynayacaq. Bu barədə açılış mərasimində Özbəkistan Baş nazirinin müavini, xarici iqtisadi əlaqələr, investisiya və ticarət naziri Elyer Qəniyev deyib.
"Bu gün Özbəkistan regionun sənaye lideri kimi tanınıb, Azərbaycan isə Cənubi Qafqazda iqtisadi artım tempi daha da inkişaf etməkdə olan ölkədir. İxracın diversifikasiyası və xarici bazarların mənimsənilməsi Özbəkistana ixrac həcmini 11 faiz artırmağa və xarici ticarətdə müsbət saldonu təmin etməyə imkan verdi", - Qəniyev bildirib.
Onun sözlərinə görə, dinamik inkişaf sayəsində Azərbaycan Özbəkistanın vacib iqtisadi tərəfdaşıdır.
"Bu gün Özbəkistan və Azərbaycanın ikitərəfli ticarətin artırılması və iqtisadi münasibətlərin dərinləşdirilməsi üçün böyük potensialı var. Sərgiləri iki ölkənin əməkdaşlığının genişləndirilməsi üçün platforma kimi nəzərdən keçiririk. Əminik ki, bu sərgilər əməkdaşlığın mühüm mərhələsi və ölkələrimiz arasında müqavilələrin imzalanmasına dair razılığa nail olmaq üçün əsas olacaq", - Qəniyev qeyd edib.
Sərginin açılışında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovun dediyinə görə, Özbəkistan bu sərginin təşkili üçün böyük səy göstərib və çoxlu sayda məhsulların nümayişi bir daha sübut edir ki, iki ölkə, iki millət dost və qardaşdır.
"Noyabrın 5-7-də Daşkənddə keçirilən Azərbaycanın Özbəkistandakı sərgisində bir sıra müqavilələr imzalanıb. Bu, Azərbaycan məhsullarına Özbəkistan bazarına çıxmağa imkan verib", - Eyyubov bildirib. Bakıda keçirilən sərgi çərçivəsində də müqavilə və sazişlər imzalanacaq, bu isə iki ölkə arasında ümumi bazarın formalaşdırılması üçün şərait yaradacaq.
"Milli sərgilərin təşkil edilməsi ideyası ölkələr tərəfindən onlar arasında mövcud olan mal dövriyyəsinin kifayət etmədiyini anladıqda yaranıb və biz bu göstəricini daha yüksək səviyyəyə qaldırmağa çalışacağıq", - Eyyubov bildirib.
Özbəkistanın Baş nazirinin müavininin sözlərinə görə, bu sərgilər Özbəkistan və Azərbaycanın şirkətləri və müəssisələri arasında uzunmüddətli əməkdaşlıq üçün əsas yaradır.
"Dəşkənddə bəzi müqavilələr imzalanıb, bəziləri isə bu gün imzalanacaq. Lakin əsas odur ki, biz uzunmüddətli əməkdaşlıq əlaqələri üçün əsaslar yaradırıq. Bu, təkcə ticarət əməliyyatları ilə məhdudlaşmayacaq. Biz birgə layihələrin həyata keçirilməsini planlaşdırırıq və gözləyirik ki, bu, ticarət dövriyyəsinin artımına təsir edəcək, çünki həm Azərbaycanın, həm də Özbəksitanın iqtisadiyyatı çox sürətlə inkişaf edir", - Qəniyev əlavə edib.
Özbəkistanın Milli Sərgisi dekabrın 5-ə qədər öz işini davam etdirəcək.