Azərbaycan, Bakı, 7 dekabr /Trend/
"Ernst&Young (CIS) B.V." MDB ölkələri üzrə rəhbərliklə birlikdə şirkətin Azərbaycanda praktikasının genişləndirilməsini və uğurunu qeyd edib. Bu barədə şirkətin çərşənbə axşamı yayılan məlumatında deyilir.
Qəbul dekabrın 2-də "Hyatt" beynəlxalq mərkəzinin "Guba" zalında təşkil olunub. Tədbirdə müxtəlif şirkət və nazirliklərin 100-dən çox nümayəndəsi iştirak edib.
"Ernst&Young"un məruzəçiləri - Azərbaycandakı idarəedici tərəfdaş İlqar Vəliyev və MDB-dəki baş əməliyyat direktoru Vitali Pılsov qonaqları salamlayıblar və "Ernst&Young"un MDB-dəki, xüsusən də Azərbaycandakı fəaliyyəti barədə danışıblar.
"Ernst&Young" şirkəti Azərbaycana və regiona sadiqliyini nümayiş etdirmək üçün 16 il bundan əvvəl Bakıda ofisini açıb. Bu gün şirkət Azərbaycanda aparıcı audit şirkətlərindən biri olmaqla yanaşı, həm də regionda aparıcı firmalardan da biridir.
Öz təcrübəsi və dərin bilikləri sayəsində "Ernst&Young" həm daxili, həm də beynəlxalq şirkətlərə, eləcə də dövlət müəssisələrinə onların dünya iqtisadiyyatının problemləri qarşısında durmaq qabiliyyətinin inkişafı sahəsində kömək edə bilib.
Hazırda "Ernst&Young"da Azərbaycanda müştərilərə xidmət göstərən 120-yə yaxın əməkdaş işləyir. "Ernst&Young"un Bakıda beş əsas tərəfdaşı var, onlardan dördü azərbaycanlıdır. Xəzər regionunda Ernst&Young"un gücü, sadiqliyi bu regionda işləyən şirkətlər üçün böyük əhəmiyyətə malikdir. Bu o deməkdir ki, şirkət öz artımı ilə muzdluluq ənənəsini və yerli mütəxəssislərin öyrədilməsini davam etdirərək, praktikasında liderlik mövqeyini qoruyacaq.
"Ernst&Young" audit, vergiqoyma, tranzaksiya və məsləhətvermə sahəsində beynəlxalq liderdir. Bütün dünyada 141 min nəfəri ümumi korporativ dəyərlər, eləcə də göstərilən xidmətlərin keyfiyyətinə sadiqliq birləşdirir. "Ernst&Young" əməkdaşlarının, müştərilərin və ümumilikdə cəmiyyətin potensialının açılmasına əhəmiyyət verərək, onlara öz potensiallarını həyata keçirməkdə kömək edir.
"Ernst&Young" MDB-nin müxtəlif regionlarında olan müştərilərin tələbatlarını nəzərə almaqla, xidmət və resurslarını genişləndirir. 3500 mütəxəssis Moskva, Sankt-Peterburq, Novosibirsk, Yekaterinburq, Tolyatti, Cənubi Saxalinsk, Almatı, Astana, Atırau, Bakı, Kiyev, Donesk, Daşkənd, Tbilisi və Minskdəki ofislərdə işləyir.