...

2011-ci ildə Azərbaycanda daşınmaz əmlakın elektron xəritəsi yaradılacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2010 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanda daşınmaz əmlakın vahid kadastr sisteminin yaradılması ölkədəki bütün daşınmaz obyektləri əhatə edəcək, eləcə də onların dövlət tərəfindən hüquqlarının təsdiqini təmin edəcək ki, bu da vətəndaşlar tərəfindən hüquqların möhkəmləndirilməsi deməkdir. Bu barədə çərşənbə günü Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin direktoru Ramiz Quliyev yaradılan sistemin təqdimatında deyib.

"Vahid kadastr sisteminin yaradılması daşınmaz əmlak obyektlərinin elmi cəhətdən əsaslandırılmış idarəsi üçün imkan yaradır ki, bu da onların daha effektiv istifadəsinə xidmət edir", - Quliyev qeyd edib.

Onun sözlərinə görə, vahid kadastr sistemi icra hakimiyyətlərinin müvafiq orqanları, bələdiyyələr, eləcə də hüquqi və fiziki şəxslər tərəfindən istifadə ediləcək.

Quliyevin sözlərinə görə, vahid kadastrın yaradılması çərçivəsində ünvanların reyestri də hazırlanır və bu günə artıq Bakının Səbail və Yasamal rayonlarının ünvanlı xəritələri işlənilib. Bütün ölkə ərazisinin ünvanlı xəritəsinin hazırlanması üzrə işlər Azərbaycan və Norveç hökumətlərinin birgə layihəsi çərçivəsində aparılır ki, bu da 2011-ci il ərzində davam etdiriləcək.

Quliyev qeyd edib ki, ölkə ərazisində ümumilikdə dövlətin 15 min daşınmaz əmlak obyekti yerləşir. Onların elektron xəritəsinin hazırlanması 2011-ci ildə başa çatdırılmalıdır.

"Təbii fəlakətlər nəticəsində ölkə vətəndaşları və sahibkarlar da öz əmlaklarını itirirlər ki, bu da Azərbaycanda daşınmaz əmlakın sığorta sisteminin yaradılmasının məqsədəuyğunluğunu artırır. Belə sistemin formalaşdırılması daşınmaz əmlakın vahid kadastr sisteminin yaradılması ilə əlaqədardır", - Quliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti