...

AİB 11 il ərzində Azərbaycan iqtisadiyyatına 700 milyon dollar sərmayə qoyub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2011 15:09 (UTC +04:00)
Bu günədək Asiya İnkişaf Bankı (AİB) Azərbaycan iqtisadiyyatına təxminən 600-700 milyon dollar sərmayə qoyub.
AİB 11 il ərzində Azərbaycan iqtisadiyyatına 700 milyon dollar sərmayə qoyub

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir N.İsmayılova/

Bu günədək Asiya İnkişaf Bankı (AİB) Azərbaycan iqtisadiyyatına təxminən 600-700 milyon dollar sərmayə qoyub. Trend-in məlumatına görə, bu barədə cümə günü AİB-in Azərbaycandakı nümayəndəsi Olli Noroyono Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) keçirdiyi Azərbaycandakı beynəlxalq investisiya layihələrinin reallaşdırılması imkanları haqqında biznes-forumda bildirib.

1999-cu ildən 2009-cu ilədək AİB Azərbaycana qrant şəklində 11,5 milyon dollar yardım göstərib.

"2009-cu ildə Asiya bankı dünyada 92 layihənin maliyyələşdirilməsinə cəmi 1,11 milyard dollar qrant ayırıb, ümumi məbləği 13,23 milyard dollar olan kredit təqdim edib, 267,2 milyon dollarlıq texniki yardım göndərib", - bank nümayəndəsi bildirib.

Onun sözlərinə görə, AİB sonrakı on il ərzində beş prioritet fəaliyyət sahəsini müəyyən edib. Bunlar infrastrukturun inkişafı, ətraf mühit, maliyyə sektorunun inkişafı, təhsil və regional əməkdaşlıqdır.

"Azərbaycanda Asiya İnkişaf Bankının prioritet istiqamətləri nəqliyyat, şəhər infrastrukturu, bank sektoru (ticarət maliyyələşdirməsi) və sənayedir", -Noroyono bildirib.

Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür.

AİB 1966-cı ildə təsis edilib və 67 üzvü var. Onun mənzil-qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Azərbaycan Asiya Bankının üzvlüyünə 1999-cu il dekabrın 22-də qəbul edilib və onun bankın kapitalında iştirak payı 0,5 faizdir.

AİB-in aparıcı səhmdarları Yaponiya və ABŞ (ümumi səhmdar kapitalın 31,2 faizi), Hindistan və Çin (12,8 faiz), Avstraliya, Cənubi Koreya, Kanada (16 faiz) və başqalarıdır.

Xəbər lenti

Xəbər lenti