...

Azərbaycan Prezidenti Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi haqqında fərman imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2011 19:14 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında fərman imzalayıb.
Azərbaycan Prezidenti Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi haqqında fərman imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında fərman imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunsun.

Dövlət Gömrük Komitəsinə, Daxili İşlər və Ədliyyə nazirliklərinə Azərbaycan Respublikası ərazisinə idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, dövlət qeydiyyatının aparılması, daimi uçota alınması, nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsi, habelə nəqliyyat vasitələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının verilməsi ilə əlaqədar prosedurların "bir pəncərə" prinsipi əsasında sadələşdirilməsini üç ay müddətində təmin etmək tapşırılıb.

Dövlət Gömrük Komitəsi qanunvericiliklə müəyyən edilmiş bütün gömrük ödənişlərinin yalnız bank və ya plastik kart vasitəsilə alınmasını təmin etməli; gömrük orqanlarında göstərilən xidmətlərin operativliyini və şəffaflığını artırmaq məqsədi ilə müraciət edən şəxslərin qəbul edilməsi ardıcıllığının müəyyən olunması üçün elektron idarəetmə sistemi ("elektron növbə") tətbiq etməli; Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən qulluq vəzifələrinin icrası zamanı qanunvericiliyin tələblərinə ciddi riayət edilməsinə nəzarəti gücləndirməlidir.

Nazirlər Kabinetinə bir ay müddətində Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları"nı bu Fərmana uyğunlaşdırmaq; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti