Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir Ü.İsmayılova/
Azərbaycanın sığorta şirkəti AXA MBASK Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) tamhüquqlu üzvü olub. Trend-in məlumatına görə, bu barədə cümə günü şirkətdən bildirilib.
"Şirkət bu həftə, quruma sorğu göndərdikdən sonra ATİB-in üzvü olub", - şirkətdən deyiblər.
Şirkətdəki mənbənin sözlərinə görə, birliyin üzvləri sırasına daxil olmaqda əsas məqsəd ATİB-in digər üzvləri ilə əməkdaşlıq etmək, eləcə də məsləhət və sığorta xidmətləri göstərməkdir.
Azərbaycan-Türkiyə İş Adamları Birliyi 2004-cü ilin aprelində təsis edilib. Birliyin üzvləri Azərbaycan və Türkiyə kapitalı ilə 91 şirkətdir. ATİB üzvlərinin ümumi nizamnamə kapitalı 800 milyon dollar təşkil edir. Azərbaycan iqtisadiyyatında investisiyanın ümumi həcmi 3 milyard dollardan çoxdur.
Ötən ilin oktyabr ayında MBASK Sığorta Şirkəti özünün əsas səhmdarını dəyişib. Şirkətin səhmlərinin nəzarət zərfini (51 faiz), özünün AXA Sequros Generales, S.A, De Sequros Y Reasequros (İspaniya) törəmə şirkətinin vasitəsilə AXA Group (Fransa) satın alıb.
AXA Group maliyyə mühafizəsi sahəsində dünya lideridir. АХА Group öz fəaliyyətini, daha çox Avropada, Şimali Amerikada və Asiya-Sakit okean regionunda cəmləşdirərək, dünyanın 57 ölkəsində həyata keçirir.