...

Azərbaycan Rusiyaya üzümün süfrə növlərinin ixracını planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2011 15:49 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qusarda 50 hektarlıq ərazidə üzüm tinglərinin əkilməsini maliyyələşdirib.
Azərbaycan Rusiyaya üzümün süfrə növlərinin ixracını planlaşdırır

Azərbaycan, Qusar, 5 aprel /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qusarda 50 hektarlıq ərazidə üzüm tinglərinin əkilməsini maliyyələşdirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı forndun icraçı katibi Şirzad Abdullayev bu rayonda keçirilən tədbir zamanı deyib.

"SKMF "Şimal Kəndli Fermer Təsərrüfatı" şirkətinə ümumi dəyəri 1,6 milyon manat olan layihənin maliyyələşdirilməsinə 1,1 milyon manat məbləğində güzəştli kredit ayırıb", - Abdullayev qeyd edib.

Bu vəsaitlər hesabına Fransadan üzümün çox məhsul verən Kaberne Sovinyen, Sapveravi, Şimali Sapveravi və Qara çaxır kimi növlərinin 100 minədək tingi gətirilib. Layihə çərçivəsində müasir suvarma sisteminin yaradılması da planlaşdırılır.

Abdullayevin sözlərinə görə, bu layihənin həyata keçirilməsi 35 yeni iş yerinin yaradılmasına kömək edəcək.

SKMF Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinə həsr edilən konfrans zamanı verdiyi müvafiq tapşırıqlardan sonra üzümçülüyün inkişafı sahəsində layihələrin fəal maliyyələşdirilməsinə başlayıb.

"Şimal Kəndli Fermer Təsərrüfatı"ının direktoru Həsənbala Zamanovun sözlərinə görə, şirkət 2008-ci ildə yaradılıb. 2009-cu ildə 15 hektarlıq, 2010-cu ildə 35 hektarlıq, 2011-ci ildə isə 50 hektarlıq ərazidə üzüm tingləri əkilib.

2015-ci ilədək üzümçülük ərazilərinin 250 hektara çatdırılması planlaşdırılır.

"Üzümün bu növü əkildikdən üç il sonra məhsul verməyə başlayır, lakin birinci ildə əkilən məhsulun ümumi həcmin 10 faizinədək yığılması mümkündür. Optimal növlərin seçilməsi məqsədilə Fransaya torpaq nümunəsi göndərilib, eləcə də mühit şəraiti dəqiqləşdirilib, nəticədə üzümün 18 növü seçilib", - Zamanov qeyd edib.

İstehsal edilən məhsulun saxlanılması məqsədilə "Aqrolizinq" şirkəti SKMF-in güzəştli krediti sayəsində gücü 800 ton olan soyuducu-anbar kompleksinin tikintisinə başlayıb. Zamanovun sözlərinə görə, şirkətin şəxsi şərab zavodunun tikintisi ilə bağlı planları da var. Hazırda ölkənin şərab müəssisələri ilə istehsal edilən məhsulun satılması məqsədilə danışıqlar aparılır, habelə üzümün süfrə növlərinin Rusiyaya ixracı planlaşdırılır.

Aprelin 5-nə olan rəsmi məzənnə 0,7926 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti