Azərbaycan, Bakı, 6 may /Trend, müxbir S.Əliyev/
Cümə günü Bakıda Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (DXDG) və Xorvatiyanın "Uljanik" tərsanəsi arasında Azərbaycan üçün yeni bərələrin alınmasına dair müqavilə imzalanıb. Trend-in məlumatına görə, bu barədə cümə günü DXDG-nin mətbuat xidmətinin rəhbəri Vüqar Sadıqov bildirib.
İki yeni bərənin 2012-ci ilin oktyabrında tədarük ediləcəyi ehtimal olunur. Bərələr dünya standartlarına və gəmiçilik sahəsindəki beynəlxalq konvensiyanın tələblərinə tam uyğun olacaq.
Azərbaycan üçün bərələr "2+3" sxemi üzrə inşa ediləcək. Bir bərənin tikintisinin dəyəri 22 milyon avro təşkil edir. Maliyyələşdirmənin Azərbaycanın dövlət büdcəsindən həyata keçiriləcəyi ehtimal olunur.
Müqavilə DXDG və Uljanik" tərsanəsi rəhbərləri Aydın Bəşirov və Anton Brajkebiç tərəfindən imzalanıb.
Bəşirovun sözlərinə görə, yaxın vaxtlarda Bakı-Tbilisi-Qars yeni dəmir yolu nəqliyyat dəhlizinin açılacağı gözlənilir ki, bu da Avrasiya nəqliyyat dəhlizi TRACECA ilə yükdaşımanı əhəmiyyətli dərəcədə artıracaq. O, bildirib ki, gəmiçilik donanmasının artırılması artan yük həcmlərinin daşınmasına yardım edəcək.
Bərələr yeni təkmilləşdirilmiş konstruksiyaya malik olacaqlar. Bununla yanaşı, bu bərələrlə vaqonların qəbulu 54 ədədədək artırılacaq.
DXDG və "Uljanik" tərsanəsinin əməkdaşlığı 1984-cü ildən davam edir. Gəmiçiliyin balansında olan bütün bərələr məhz bu gəmiqayırma şirkəti tərəfindən inşa edilib.