...

Maliyyə Nazirliyi Azərbaycandakı sosial layihələrin maliyyələşdirilməsi həcmlərini açıqlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 May 2011 13:24 (UTC +04:00)
Bu həftənin sonuna 2011-2013-cü illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı, eləcə də Azərbaycandakı bəzi layihələr üçün ayrılan vəsaitlərin həcmi açıqlanacaq.
Maliyyə Nazirliyi Azərbaycandakı sosial layihələrin maliyyələşdirilməsi həcmlərini açıqlayacaq

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir A.Axundov/

Bu həftənin sonuna 2011-2013-cü illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı, eləcə də Azərbaycandakı bəzi layihələr üçün ayrılan vəsaitlərin həcmi açıqlanacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

"Bu istiqamətdə hazırlıq işləri artıq başa çatıb və həftənin sonuna bu rəqəm açıqlanacaq", - Şərifov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə sosial sahədə müəyyən tədbirlər görülməlidir.

"Pensiyaların, sosial müavinətlərin məbləğinə yenidən baxılacaq. Eləcə də bir sıra sosial layihələrin həyata keçirilməsi planlaşdırılır", - Şərifov bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Nazirlər Kabinetinə müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görmək; İqtisadi İnkişaf və Maliyyə nazirlikləri ilə birlikdə Dövlət Proqramında illər üzrə nəzərdə tutulmuş tədbirlərin hər il üçün Dövlət İnvestisiya Proqramı tərtib edilərkən nəzərə alınmasını təmin etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Sərəncamda qeyd olunur ki, İqtisadi İnkişaf Nazirliyi Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin; Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat versin.

Xəbər lenti

Xəbər lenti