Azərbaycan, Bakı, 11 may /Trend, müxbir N.İsmayılova/
Mayın 17-də Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı və Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Azərbaycan-Çexiya biznes forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə AZPROMO-nun məlumatında deyilir.
Forumda sənaye, kənd təsərrüfatı, inşaat, İKT, səhiyyə, logistika kimi sahələrdə fəaliyyət göstərən Çexiya və Azərbaycan sahibkarları iştirak edəcəklər.
Forum Çexiya Prezidenti Vaslav Klausun mayın 16-19-da Azərbaycana ilk səfəri çərçivəsində keçiriləcək.
Azərbaycan Cənubi Qafqazda Çexiyanın ən iri ticarət tərəfdaşıdır. 2010-cu il ərzində iki ölkə arasında mal dövriyyəsi 38 milyon dollar təşkil edib. Çex mallarının idxalının payına 37,78 milyon dollar, Azərbaycan mallarının Çexiyaya ixracının payına isə 0,23 milyon dollar düşür.