Azərbaycan, Bakı, 17 may /Trend, müxbir A.Axundov/
Azərbaycanın Auditorlar Palatası və Bank Tədris Mərkəzi arasında mayın 13-də strateji tərəfdaşlığa dair əməkdaşlıq sazişi imzalanıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Bank Tədris Mərkəzinin məlumatında deyilir.
Sazişin əsas məqsədi tərəflərin bərabərliyi və maraqlarının qarşılıqlı qorunması əsasında təlim və maarifləndirmə, tədqiqat, elmi araşdırmalar və digər sahələr üzrə əməkdaşlıq etməkdən ibarətdir.
Tərəflər bildiriblər ki, bu saziş çərçivəsində zəruri hallarda beynəlxalq məsləhətçilər də cəlb etməklə, aşağıda göstərilən istiqamətlər üzrə əməkdaşlıq edəcəklər:
Təlim və maarifləndirmə sahəsində - Azərbaycan Respublikasında fəaliyyət göstərən audit şirkətləri və mülkiyyət formasından asılı olmayan digər bütün növ müəssisə və təşkilatların nümayəndələri, Auditorlar Palatasının üzvləri və audit olmaq istəyənlər üçün audit işi və digər mövzular üzrə birgə təlim proqramlarının hazırlanması və həyata keçirilməsi, audit və mühasibat uçotuna dair birgə seminarların, forumların və konfransların təşkil edilməsi, Auditorlar Palatasının əməkdaşlarının bilik və bacarıqlarının artırılması üzrə xüsusi təlim proqramlarının hazırlanması və həyata keçirilməsi, sertifikatlı audit proqramının hazırlanması və tətbiq edilməsi, bir-birinin xidmətlərinin təşviq edilməsi, Azərbaycanda audit işinin təşviqi üzrə birgə fəaliyyət göstərilməsidir.
Sənəddə həmçinin tədqiqat və elmi araşdırmalar sahəsində - Azərbaycanda audit işinin inkişafı istiqamətində birgə araşdırma və tədqiqatların aparılması, audit fəaliyyətini tənzimləyən hüquqi aktların təkmilləşdirilməsi üzrə birgə tədqiqatların aparılması və qarşılıqlı maraq doğuran, qanunvericiliyə zidd olmayan digər sahələrdə əməkdaşlıq edilməsi və bu əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə fəaliyyətin həyata keçirilməsi kimi vacib istiqamətlər təsbit edilib.