Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.Xəlilova/
Bazar ertəsi Azərbaycan Milli Məclisinin İqtisadi siyasət və Sosial siyasət komitələri "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanun layihəsini ölkə parlamentində müzakirəyə tövsiyə ediblər.
Maliyyə naziri Samir Şərifov qanun layihəsini təqdim edərkən bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə dövlət büdcəsi proqnozlarında əhalinin sosial müfadiəsinin gücləndirilməsi məqsədilə əlavə maliyyə təminatının yaradılması ilk növbədə pensiya təminatı sistemində islahatların davam etdirilməsi, büdcə təşkilatları işçilərinin əməkhaqlarının, sosail müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması, eləcə də sosial və infrastruktur sahəsində bəzi investisiya layihələrinin maliyyələşdirilməsi üçün zəruridir.
Nazirin sözlərinə görə, bu tədbirlərin və layihələrin maliyyələşdirilməsi 3 milyon 193,2 min manat həcmində qiymətləndirilir. Dünya neft bazarında vəziyyət əlverişli olaraq qalır, bunun nəticəsində artıq kifayət qədər uzun müddətdən bəri Azərbaycan neftinin bir barelinin qiyməti 2011-ci il dövlət büdcəsində müəyyən edilən qiyməti 80 faizdən artıq üstələyir.
Bunun nəticəsində 2011-ci ilin birinci rübündə Azərbaycan Dövlət Neft Fondunun əlavə gəlirləri əvvəllər proqnozlaşdırılan 193,5 milyon manata qarşı 976,4 milyon manata çatıb. Müvafiq olaraq, əlavə gəlirlər 1,1 milyard manat təşkil edib. Dünya neft bazarlarındakı müsbət vəziyyəti nəzərə alaraq, 2011-ci il dövlət büdcəsində müəyyən edilən qiymətlərdəki fərqlər hesabına Neft Fonduna əlavə daxilolmalar gözlənilir. Ölkə parlamentinə təqdim edilən dövlət və icmal büdcə layihələrində neftin bir barelinin qiyməti əvvəllər təsdiqlənmiş 60 dollara nisbətdə 80 dollar müəyyən edilib.
Qanun layihəsində dövlət büdcəsinin gəlirlərinin 3493,2 milyon manat və ya təsdiqlənmiş proqnozdan 29 faiz çox, yəni 15554,2 milyon manatadək artırılması təklif olunur ki, bu da 2010-cu ildəki faktiki göstəriciyə nisbətən 36,4 faizlik (4151,2 milyon manat) artım deməkdir. İlin sonuna ÜDM-də büdcə gəlirlərinin xüsusi çəkisinin 4,7 faizədək artacağı gözlənilir ki, bu da təsdiqlənmiş proqnozdan 4,7 faiz çoxdur və ötən ilin faktiki göstəricisi üzrə 7,3 faizlik artım deməkdir.
Şərifovun sözlərinə görə, büdcə gəlirlərinin dörd mənbə hesabına artırılması nəzərdə tutulur: Vergilər Nazirliyinin xətti ilə - 740 milyon manat, Dövlət Gömrük Komitəsi - 20 milyon manat, Dövlət Neft Fonduna transfertlər - 2723,2 milyon manat və digər daxilolmalar - 10 milyon manat.
Bunun nəticəsində Vergilər Nazirliyi üçün plan bu il üçün təsdiqlənmiş proqnozlara nisbətən 16,7 faiz, 2010-cu ilə nisbətən isə 20,2 faiz (867,2 milyon manat) artırılaraq 5160 milyon manat olub. Bu artım Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfdən mənfəət vergisi üzrə 450 milyon manat həcmində əlavə daxilolmalar, ARDNŞ-dən 180 milyon manat həcmində mənfəət vergisi və istehsal olunan məhsulla və ölkə daxilində məhsulun topdansatış müqavilə qiymətləri arasında əmələ gələn fərqdən daxilolmalar hesabına təmin olunacaq.
DGK üçün proqnozun 1 140 milyon manatadək artırılması təklif edilir ki, bu da bu il üçün təsdiqlənmiş proqnozdan 1,8 faiz, 2010-cu ilin faktiki göstəricisindən 3,5 faiz çoxdur. Gömrük orqanları ƏDV toplanmasından dövlət büdcəsinə müvafiq olaraq 1,5 faiz və 2,3 faiz artımla 830 milyon manatlıq, gömrük rüsumlarından 223 milyon manatlıq (müvafiq olaraq 3,7 faiz və 2,2 faiz) daxilolmanı təmin edəcəklər.
Layihəyə görə, dövlət büdcəsinin xərcləri 15941,2 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bu zaman artım bu il üçün təsdiqlənmiş proqnozdan 25 faiz və ya 3193,2 milyon manat, 2010-cu ilin faktiki göstəricisi üzrə 35,5 faiz təşkil edəcək. İlin sonuna ÜDM-də xərclərin xüsusi çəkisində artımın 35,6 faizədək (ÜDM-in nominal səviyyəsi 4591,5 milyon manatdan 44788,8 milyon manatadək artırılıb) artacağı gözlənilir ki, bu da bu il üçün təsdiqlənmiş proqnozdan 3,9 faiz, 2010-cu ilin faktiki göstəricisinə nisbətən 7,3 faiz çoxdur.
Büdcə xərclərinin artırılması nəticəsində xərclərin strukturu aşağıdakı kimi olacaq: cari xərclər - 7716,5 milyon manat (xərclərin ümumi həcminin 48,4 faizi), kapital xərclər - 7878 milyon manat (49,4 faiz), dövlət borclarının ödənilməsi ilə bağlı xərclər 346,7 milyon manat (2,2 faiz).
Cari xərclərin artırılması üçün nəzərdə tutulan 698 milyon manatdan (21,9 faiz) 462,7 milyon manat və ya 66,3 faiz pensiya islahatlarının aparılmasına, eləcə də sosial müavinətlərin və pensiyaların artırılması ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldiləcək. Xərclər üzrə artırılan əlavə məbləğdən 78,1 faiz və ya 2495,2 milyon manat dövlət kapital qoyuluşlarının payına düşür ki, bu da həmin məqsədlər üçün proqnozlaşdırılandan 73,5 faiz çoxdur.
Həmin vəsaitlər qəza vəziyyətində olan məktəblərdə əsaslı təmir və tikinti, tələbələr üçün yataqxanaların tikintisi, ölkədə qazlaşdırma proqramının həyata keçirilməsi, elektrikləşdirmə sisteminin yaxşılaşdırılması, su təchizatı və kanalizasiya sisteminin tikintisi və yenidən qurulması, Bakı və onun qəsəbələrinin abadlığına dair dövlət proqramının həyata keçirilməsi, yolların tikintisi və təmiri, Sumqayıtda gübrə istehsal edən zavodun tikintisi üçün nəzərdə tutulub.
Nazirin sözlərinə görə, kapital qoyuluşları üzrə xərclərin xüsusi çəkisinin artırılması nəticəsində büdcənin ümumi xərcləri 10,3 faiz artaraq 36,8 faizə çatacaq.
Əlavə gəlirlərin hesabına dövlət büdcəsinin 2011-ci ildə nəzərdə tutulan 687 milyon manat həcmində kəsirinin 300 milyon manat azaldılması planlaşdırılır. Dövlət büdcəsinə yenidən baxılması nəticəsində icmal büdcəsində xərclərin son həddi 18634,3 milyon manat, icmal büdcənin profisiti isə 1368,5 milyon manat həcmində proqnozlaşdırılır.
Mayın 23-nə olan rəsmi məzənnə 0,79 AZN/USD təşkil edir.